4 Avqust, 2011
DİN-NİN YENİ YATAQXANASI İSTİFADƏYƏ VERİLİB

Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Siravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində yeni yataqxana və yeməkxana binaları istifadəyə verilib

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov iştirak edib.

Məktəb rəisinin vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Çərkəz Həsənov nazir müavininə raport verərək bildirib ki, bu tədris müəssisəsində son illər dinləyicilərin daha keyfiyyətli, müasir tələblər səviyyəsində təhsil almaları, polis peşəsinin sirlərini daha dərindən mənimsəmələri üçün xeyli iş görülüb. Tədrisin müasir Avropa standartlarına uyğun qurulması üçün yeni üsul və metodlar tətbiq olunub, ixtisaslaşdırılmış fənn kabinetləri yaradılıb, kompüter bilgilərinin və ingilis dilinin tədrisinə başlanılıb. Hər cür texniki və məişət avadanlıqları ilə təmin olunmuş yeni dördmərtəbəli yataqxana və 250 yerlik yeməkxana binalarının tikintisinə isə bir il bundan əvvəl başlanıb. DİN Əsaslı Tikinti İdarəsi tərəfindən inşa olunan hər iki tikili dinləyicilərin peşə hazırlığına, tədrisin keyfiyyətinə də müsbət təsir göstərəcək.

Nazir müavini Oruc Zalov mərasim iştirakçılarını daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından təbrik edib, təhsildə, seçdikləri çətin, lakin şərəfli peşədə uğurlar arzulayıb.

Yeni tikililərlə yaxından tanış olan nazir müavini Zalov burada ilk dəfə xidmətə başlayan polis nəfərləri üçün yaradılmış sosial-məişət şəraitindən razılığını bildirib və qeyd edib ki, ölkəmizdə gənclərə, onların müxtəlif ixtisaslara yiyələnməsinə, sosial-məişət problemlərinin həllinə daim diqqət və qayğı göstərən dövlətimizin başçısı İlham Əliyevin bu siyasəti daxili işlər orqanlarında da uğurla həyata keçirilir, DİN rəhbərliyinin gündəlik nəzarəti və tələbkarlığı nəticəsində gənc əməkdaşların çətin və şərəfli peşənin sirlərinə mükəmməl yiyələnmələri üçün lazımi şərait yaradılır, qarşıya çıxan problemlər öz müsbət həllini tapır. Yeni istifadəyə verilmiş binaların da bu istiqamətdə atılan mühüm addım olduğunu nəzərə çatdıran polis general-leytenantı Zalov əmin olduğunu bildirib ki, məktəbin rəhbərliyi, komandir-müəllim heyəti və dinləyiciləri bu diqqətə və qayğıya yüksək peşə hazırlığı və xidməti nailiyyətləri ilə cavab verəcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!