4 Avqust, 2011
AVTOSALONLAR YIĞIŞDIRILIR

Bakıda səkilərdə və yanacaqdoldurma məntəqələrində avtosalonların yığışdırılmasına başlanılıb

Bakı yol polisi piyadaların hərəkətinin təhlükəsizliyi üçün səkilərdə və yanacaqdoldurma məntəqələrində, o cümlədən digər qanunsuz yerlərdə avtomobil vasitələrinin satışı və reklamının qarşısını almaq məqsədilə kütləvi reydlərə başlayıb. Bu barədə Bakı şəhər Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib.

Əsədovun sözlərinə görə, Bakı şəhər icra başçısının sərəncamında qeyd olunub ki, avtomobil salonlarının daxili və özünəməxsus ərazidə, təyinatı üzrə avtonəqliyyat vasitələrinin satışı və dayanacağı istisna olmaqla, yanacaqdoldurma stansiyalarında, Bakı şəhər Ticarət və Xidmət Departamentindən alınmış icazə vərəqələri olan ərazilərdə, eləcə də şəhər üzrə digər ərazilərdə bütün növ nəqliyyat vasitələrinin satışına və reklamına qadağa qoyulub.

Əsədov bildirib ki, sərəncamdan irəli gələn tələblərə uyğun olaraq Bakı yol polisi xüsusi Tədbirlər Planı hazırlayıb. Tədbirlər Planına uyğun olaraq dünəndən Babək prospektindəki səkilərdə, yanacaqdoldurma məntəqələrində və digər qeyri-qanuni ərazilərdə avtomobillərin satışı və reklamlarını təşkil edənlərə qarşı inzibati qaydada protokollar tətbiq edilib.

Əsədovun sözlərinə görə, tədbirlər Bakının bütün rayonlarında aparılacaq. Şöbə rəisi bildirib ki, qanunsuz ərazilərdə satılan avtomobillər evakuasiya maşınları ilə cərimə meydançalarına aparılır və sahibləri barədə inzibati protokollar tətbiq edilir.

Babək prospektində artıq bununla bağlı 7 protokol tətbiq edilib./trend

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!