4 Avqust, 2011
40 MİN MANAT PUL JURNALİSTLƏR ARASINDA FİKİR AYRILIĞI YARATDI

Rauf Arifoğlu və müxbirlər mətbuat konfransına niyə qatılmadı?

2007-ci ilin mayında bir qrup jurnalistin piket keçirmək cəhdinin qarşısı zor tətbiq edilməklə alındığına görə, 8 jurnalist toplaşmaq azadlığının pozulması iddiası ilə Azərbaycan məhkəmələrinə şikayət verib. Azərbaycan məhkəmələri jurnalistlərin iddiasını təmin etməyib və onlar Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriblər. Hazırda Avropa Məhkəməsi işin kommunikasıyasını başa çatdırıb.

Simsar.az-ın məlumatına görə, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə “dostcasına barışıq” təklifi verib. Hökumət isə jurnalistlərin şikayətini geri götürməsi müqabilində məhkəmənin kəsəcəyi kompensasiyanı ödəməyə hazır olduğunu bildirib.

Bu gün mətbuat konfransı keçirən şikayətçi jurnalistlərdən 3-ü prosesin sona qədər aparılmasını tələb edib. “TURAN” agentliyinin rəhbəri Mehman Əliyev, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və müstəqil jurnalist Şahvələd Çobanoğlu Avropa Məhkəmənin bu təklifinə razı deyil və onlar Azərbaycan hökumətinin ərizəni geri götürmək müqabilində 8 min manat kompensasiya təklifi ilə razılaşmır.

M.Əliyev, Q.Zahid, Ş.Çobanoğlu bildiriblər ki, Avropa İnsan Hüquqları Məhkəməsinin bu yanaşması ilə razılaşmamalarına səbəb odur ki, baş verən hadisələr vaxtı təkcə onlara maddi və mənəvi ziyan dəyməyib. Bu hadisələr zamanı onların informasiya almaq hüquqları da pozulub.

Hüquqları pozulan jurnalistlərdən Rauf Arifoğlu, Azər Ayxan, Etibar Seyidağa, Elşad Məmmədli, Zabil Müqabiloğlu mətbuat konfransında iştirak etməyiblər və onlar hökumətin təklifinə loyal münasibət göstərirlər.

Mətbuat konfransında deyilib ki, Rauf Arifoğlu hökumətin təklifini qəbul etməyi məqsədəmüvafiq sayır. O, oruc tutduğu üçün isti havada mətbuat konfransına gələ bilməyəcəyini söyləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!