3 Avqust, 2011
Salyanda evlərin paylanması narazılıq yaradıb

Rayon sakini haqsızlıqla üzləşdiyini əsas gətirərək prezidentə müraciət edib

Bu gün Salyanda Kür daşqınlarından zərərçəkmiş daha 42 ailəyə yeni tikilmiş evlər paylanıb. Bu barədə Simsar.az-a məlumat verən Kür Vətəndaş Qərargahının eksperi Oqtay Gülalıyev bildirib ki, adətən digər bölgələrdə evlər tikilməmişdən öncə qəzalı evlər müəyyənləşir və kimlərə ev tikiləcəksə öncədən aidiyyatı qurumlar məlumatlandırılır. Amma bu dəfə Salyanda bu ənənən pozulub və son ana qədər kimlər üçün evin tikilməsi sual altında olub.

“Evlər “püşk atma” yolu ilə paylanıb. Amma evlərin paylanması zamanı təşkil olunan püşk atma qapalı və qeyri- şəffaf keçirilib. Vətəndaş cəmiyyətinin nümayəndələri bu prosesdə iştirakına imkan verilməyib. Digər tərəfdən isə evlərin paylanmasında yenə də ədalətsizliyə, ayrı seçkiliyə və korrupsiya hallarına yol verilib. Bu barədə Salyanda fəaliyyət göstərən Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına məlumat verib. E. Məmmədov bildirib ki, yeni tikilən evlərin hansı meyarlar əsasında paylanması rayon ictimaiyyətində böyük suallar və narahatlıq doğurub” deyə, O.Gülalıyev bildirib.

Məlumatda qeyd olunur ki, ev vermənin əsas təşkilatçısı Salyan Rayon İcra Hakimiyyətinin Mülki Müdafiə Qərargahının rəhbəri Şəmsəddin Əbilovdur.

70 yaşlı Şəfiqə İsmayılova bildirib ki, adını son anda ev alanların siyahısından çıxarıblar. Qadın baş verənlərlə bağlı prezident İlham Əliyevə məktub yazıb.
Məsələ ilə əlaqədar “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı aidiyyatı qurumlara müraciət edib.

Simsar.az məlumatda adları çəkilən hər bir şəxsin, xüsusilə də rayon icra hakimiyyətinin məsul nümayəndələrinin mövqeyini öyrənməyə hazırdı.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!