3 Avqust, 2011
ƏT BAHALAŞIB

Statistika Komitəsi açıqlama yaydı

2011-ci ilin iyul ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,8 faiz ucuzlaşıb.

Simsar.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən xəbərinə görə, ay ərzində ərzaq məhsullarının qiymətləri 1,6 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə əvvəlki ayla eyni səviyyədə qalıb. Ötən ay ərzaq məhsullarından unun, qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış və sterilizə olunmuş üzlü südün, limonun, bananın, almanın, armudun, alçanın, albalının, gilasın, şaftalının, əriyin, qarpız və yemişin, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göyərtinin, göy lobyanın, soğanın, kartofun qiyməti ucuzlaşıb. 


Eyni zamanda ay ərzində ucuzlaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma da müşahidə olunub ki, bu, əsasən mal və qoyun ətinin, toyuq və toyuq budunun, düyünün, manna yarmasının, vermişel və makaronların, xamanın, yumurtanın, kərə yağının, şəkər və şəkər tozunun, kökün, sarımsağın, günəbaxan və qarğıdalı yağlarının, şabalıdın qiymətlərində qeydə alınıb.


İyulda qeyri-ərzaq mallarından inşaat materiallarından kəsilmiş taxtaların, ağac yonqar və lifli lövhələrin, kərpicin, sementin, parketin, mebellərdən mətbəx üçün mebel dəstinin, kətilin, yataq mebel dəstinin qiymətləri bahalaşıb.


Bahalaşma ilə yanaşı ay ərzində qeyri-ərzaq mallarının qiymətlərində ucuzlaşma da müşahidə olunub ki, bu da əsasən, geyim və ayaqqabıların qiymətlərində müşahidə olunub. Bundan əlavə, inşaat materiallarından su tənzimləyici cihazların, parket üçün lakın, vannaların, məişət avadanlıqlarından paltaryuyan maşınların, qızdırıcıların, tozsoranların qiymətləri də ucuzlaşıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!