2 Avqust, 2011
Xəzər Universiteti dünyanın ən yaxşıları arasında

Universitetin kitabxanası da yer tutub 

2004-cü ildən bəri dünya ali məktəblərinin Webometrics adlı reytinqi elan olunur. Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri – İspaniyanın məşhur Dövlət Elmi Tədqiqat Mərkəzi (Consejo Superior de İnvestigac Cientifacasiones) aparır.

Onlar Stanford universitetinin və Google tədqiqatçılarının metodologiyasını əsas götürürlər. Bu mərkəz 1907-ci ildə Nobel mükafatı laureatı prof. Ramon y Cajal tərəfindən yaradılmışdır.

2011-ci il iyulun 30-da dünyann 20 min ali məktəbinin öyrənilməsi başa çatıb və növbəti Webometrics reytinqi elan edilib. Universitetlərin qiymətləndirməsi dörd nominasiya üzrə aparılıb. Əsas kriteriyalar ali məktəbin dünyada tanınması, elektron məkanda tutduğu çəki və başqaları tərəfindən qiymətləndirilməsi, müasir elmi nəşrlərin çəkisidir. İrəlidə gedən ən yaxşı ali məktəblər, bu halda ilk 1/3 (üçdə bir) yeri tutanlar hansılardır:

Bu sıraya Azərbaycandan, təəssüf ki, yalnız Xəzər Universiteti düşüb – 6211-ci yer. Bu yaxşılar sırasına Gürcüstandan-1, Ermənistandan-4, Estoniyadan-11, Latviyadan-11, Litvadan-17, Moldovadan-4, Belarusdan-8, Qazaxıstandan-7, Qırğızstandan 3 ali məktəb düşüb.

Digər Azərbaycan Universitetlərinin heç biri hətta ilk 9.000 universitet sırasına düşə bilməyib. İlk 12 min ali məktəb arasında tanınmış Azərbaycan universitetlərindən Bakı Dövlət Universiteti – 11736-cı yer, Qafqaz Universiteti – 11895-ci yerdədir.

Bu reytinq müəyyənləşdirməsində Universitetlərlə yanaşı dünyanın ən müasir Universitet Kitabxanaları da müəyyənləşdirilib və 1120 ən yaxşı kitabxana elan edilib. Burada da Azərbaycandan yalnız bir kitabxana – Xəzər Universitetinin Kitabxanası yer alıb (892-ci yer).

Webometriks reytinqinə görə dünyanın 45 ən yaxşı ali təhsil sistemi də elan olunub. Bu siyahıya Amerika Birləşmiş Ştatları liderlik edir. Sonrakı yerlərdə Almaniya, Böyük Britaniya, Kanada və digər aparıcı dövlətlər yerləşiblər. Keçmiş Sovetlər Birliyindən bu 45-likdə cəmi iki ölkə var: Estoniya və Rusiya 34-cü yerləri bölüşdürürlər. Burada Türkiyə 45-ci yerdədir. Ərəb ölkələrindən yalnız Səudiyyə Ərəbistanı (31-ci yer), Afrikadan isə yalnız Cənubi Afrika Respublikası (41-ci) təmsil olunublar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!