2 Avqust, 2011
YENİ SÜRÜCÜLÜK VƏSİQƏSİ ALMAQ ÜÇÜN NƏ LAZIMDIR?

Azərbaycan vətəndaşları sürücülük vəsiqəsini itirdikdə, o, oğurlandıqda və ya etibarlılıq müddəti başa çatdıqda nə etməlidirlər?

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlayıb. Azərbaycan vətəndaşlarına sürücülük vəsiqəsinin 10 il müddətinə verildiyini xatırladan K.Əliyev deyib:

"Bəzən sürücü vəsiqəsini vaxtından tez yeniləməli olur. Məsələn, o, vəsiqəni itirir, vəsiqə oğurlanır, sürücü soyadını dəyişir və sair. Bu zaman vətəndaş ilk növbədə Baş Dövlət Yol Polisi İdarəsinin imtahan-qeydiyyat məntəqəsinə sağlamlıq haqqında tibbi arayış, şəxsiyyət vəsiqəsi və köhnə sürücülük vəsiqəsini təqdim etməlidir. O, bu sənədləri həftənin bazar günü istisna olmaqla, 6 gün ərzində təqdim edə bilər".

K.Əliyevin sözlərinə görə, sürücülük vəsiqəsinin yenilənməsi üçün 15 manat dövlət rüsumu nəzərdə tutulub: "Vəsiqə 1 gün ərzində dəyişdirilir. Azərbaycan qanunvericiliyinə görə, vəsiqə müddəti başa çatdıqdan sonra dəyişdirilə bilər. Amma bunun üçün tələb olunan sənədləri vəsiqənin müddətinin bitiminə bir neçə gün qalmış da təqdim etmək mümkündür".

Müddəti bitmiş vəsiqə ilə avtomobilin idarə olunması vəsiqəsiz sükan arxasına əyləşməyə bərabərdir. Bu zaman sürücü 60 manat məbləğində cərimələnir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!