1 Avqust, 2011
GƏNCƏDƏ BAYRAQ MEYDANI İNŞA EDİLİR

Azərbaycanın dövlət bayrağı 100 metr hündürlükdə dalğalanacaq

Gəncədə bayraq meydanı inşa edilir. Gəncə çayının sağ sahilində, Gəncə Dövlət Universitetinə yaxın ərazidə tikintisinə başlanılan meydanda Azərbaycanın dövlət bayrağı 100 metr hündürlükdə dalğalanacaq. Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Türkiyədə hazırlanan bayrağın uzunluğu 50, eni isə 25 metr olacaq. Hündürlüyü 4 metr nəzərdə tutulan postament qranitlə üzlənəcək. Qranit lövhənin üzərində Azərbaycanın dövlət himni və gerbi əks olunacaq. Meydanla bağlı işlərin gələn ayın sonlarında yekunlaşdırılması nəzərdə tutulur.

“Bizim bu ərazidə işə başladığımız 10 gün olar, hardasa biz 15-20 gün ərzində həmin bayrağın qaldırılmasına nail olacağıq. Təbii ki, bayraq quraşdırılandan sonra ərazidə abadlıq işləri aparılacaq, qranit lövhələr döşənəcək, oturacaqlar qoyulacaq, dekorativ gül kolları və ağaclar əkiləcək. Eyni zamanda müasir formada fontanın tikintisi də nəzərdə tutulub”, - deyə Gəncə Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Qurban Alıyev bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!