29 İyul, 2011
ƏFLATUN AMAŞOV ANAR VƏ ONUN AİLƏSİNİN MÜDAFİƏSİNƏ QALXDI

Mətbuat Şurası sədri Rauf Arifoğlu və Qənimət Zahidə səsləndi

Mətbuat Şurasının sədri Əflatun Amaşov «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinin rəhbərliyinə müraciət edib.

MŞ mətbaut xidmətindən Simsar.az saytına verilən məlumata görə, müraciətdə göstərilir ki, son vaxtlar həmin mətbu nəşrlərdə yazıçı Şamo Arifə istinadən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və onun valideynləri ilə bağlı materiallar dərc olunmaqdadır: «Bu materiallarda etik çərçivədən kənara çıxan məqamların üstünlük təşkil etməsi heç də birmənalı qarşılanmır. Söhbət Azərbaycan ədəbiyyatının, ictimai fikrinin inkişafında xidmətləri olan şəxslər barədə nalayiq fikir və ifadələrin ictimayiləşməsindən getdiyindən məsələ narahatlıq və narazılıq doğurur».

MŞ sədri müraciətdə eyni zamanda bildirilib ki, tarixi yaşantılarda, ədəbi-bədii proseslərin bir əsrə yaxın məqamlarında baş verən hadisələrin heç də hamısı özəlliklərinə görə qabardılmalı mövzular deyil. «Bunların ölçülüb-biçilmədən təqdimatından, bəzən şəxsi münasibətlər fonunda ikrah doğuran şəkildə qabardılmasından tərəflərlərdən çox cəmiyyət itirir», - deyə vurğulanıb.

Şura sədri müraciətində həmçinin sözügedən KİV-lərə fəaliyyətlərində cəmiyyət qarşısındakı öhdəliklərinə zidd hallara yol verməməyi, diqqətli olmağı, hadisə və proseslərə həssas yanaşmağı tövsiyyə edib.


Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!