29 İyul, 2011
TELEKANALLARIN “QARABAĞ” PROBLEMİ

Avroliqadakı oyunumuz 40 min dollar dəymədi?

Azərbaycanda futbol azarkeşlərinin böyük həvəslə izlədikləri Ağdamın “Qarabağ” futbol klubunun oyunları sonuncu dəfə ölkə telekanallarında yayımlanmadı.

Səbəb və məqsəd təxminən bəllidir. Telekanal rəhbərləri bəyan edirlər ki, oyunları almağa imkanları çatmır. Maçların göstərilməsi də telekanallara pul gətirmir. Bu zaman sual yaranır. Əgər “İdman-Azərbaycan” kanalı Avroliqanın III təsnifat mərhələsinə qatılan və iki komandanı liqadan uzaqlaşdıran “Qarabağ” oyunlarını nümayiş etdirmirsə, ən azından buna cəhd belə göstərmirsə, dövlət büdcəsindən bu telekanalın yaradlmasına milyonlarla vəsaitin ayrılmasına nə ehtiyac vardı?

Telekanal rəhbərlərini başqa bəhanələri də var. “Brügge” ev matçının yerli kanallarla canlı yayımına icazə verməyib. Buna səbəb isə stadiona daha çox azarkeş cəlb etmək istəyidir. Digər məlumatlara görə, Belçika telekanalları da oyunun yayımına maraq göstərməyib. Amma bu Azərbaycan telekanallarının da oyuna az maraq göstərməsinə, laqeyd yanaşmasına əsas vermir, haqq qazandırmır. 

Futbol klublarımızdan yalnız “Qarabağ” Avroliqada üç il ardıcıl olaraq daha çox qabağa gedir. Yalnız “Qarabağ” azarkeşlərə sevinc bəxş edə bilir və rəqiblərini yarışmadan kənarlaşdırır. Və yalnız “Qarabağ”a qarşı bunca laqeyd münasibət bəslənilir. Keçirdiyi 10 qarşılaşmanın cəmi 2-si, xalaxətrinə telekanallarda nümayiş etdirilib.
“Brügge” – “Qarabağ” qarşılaşması birincinin 4-1 hesablı qələbəsilə başa çatsa da, ümumi nəticə klubumuz üçün o qədər də açınacaqlı deyil. Gənc komandanın Avropanın qocaman klubu ilə, qeyri-bərabər psixaloji imkanlarla dirəşməsinin özü təqdirəlayiqdir.
Matçdan öncə “Qarabağ”ın kapitanı Rəşad Sadıqov qardaşının vaxtsız vəfatı xəbərini eşidib səfəri yarımçıq buraxdı. Komandanın mərkəz hücumçusunun üzüntüsü şübhəsiz ki, yoldaşlarının da əhval-ruhiyyəsini pozub.
“Qarabağ” onsuz da uduzacaqdı. Gec və ya tez. Amma klub sözün əsl mənasında Qarabağ adına uyğun oyun nümayiş etdirdi. Həvəskar tamaşaçı “Neftçi” ilə “Qarabağ” oyunları arasında fərq nisbətini aydın sezə bildiyi halda, telekanalların daim məhz birinciyə diqqət yetirməsi maraqlı görünür.

Məlumatlara görə, telekanallar klubların oyunlarını heç də, qarşılaşmaların səviyyəsinə görə yayımlamırlar. Əsas sponsorların telekanallarla münasibətləridi. Məsələn, ən zəif komandalardan sayilan “Azal”ın bütün oyunları “İdman Azərbaycan” vasitəsilə yayimlanıb.

«Qarabağ» klubunun direktoru Əmrah Çəlikəl oyundan öncə yerli mətbuata açıqlamasında deyib: “Desəm ki, hazırda komandada psixoloji durum yüksək səviyyədədir, yalan danışmış olaram. Lakin biz adımıza yaraşan şəkildə oynayacağıq, indiyə kimi sərgilədiyimiz futbolu nümayiş etdirəcəyik” - deyə Əmrah Çəlikəl bildirib.

Ə. Çəlikəl qarşılamanın canlı yayımlanmaması məsələsinə də münasibəti belə olub: “İndiyə kimi klub olaraq bizə aid olmayan məsələlərin də həlli üçün çalışmışıq. Matçın göstərilməməsi bizdən asılı olan səbəb deyil. Klub olaraq, belə bir vəziyyətdə işimizi bir kənara buraxıb, Belçika telekanalları ilə danışıq aparası deyildik».



“Qarabağ” klubunun fəxri prezidenti, millət vəkili Aqil Abbas isə oyunun yerli telekanallar vasitəsilə yayımlanmamasına daha sərt reaksiya verib.

“Telekanallarla yanaşı, “Qarabağ” klubunun rəhbərliyi də oyunun canlı yayımlanmasına çalışmalıdır: “Bu elə də böyük problem deyil. Sadəcə bir az pul tələb olunur. Bu məbləğ də telekanallarımız üçün “semiçka” puludur. Bu yaxınlarda məsələ ilə bağlı öz iradımı bildirmişdim. Digər klublarımızın oyunları canlı yayımlandı, ancaq “Qarabağ”ın görüşləri yox. Mənim də bir iradım var ki, bunu telekanallar etmirsə, klubun özü etməlidir. Onların 40 min avrosu yoxdur? Bu pula isirahət məkanında 10-15 yoldaş ürəyin istəyən kimi yeyib-içər. Yaxud da bir sünnət toyunun puludur”.

Oyunun canlı yayımlanmamasını utancverici hadisə hesab edən Milli Məclisin deputatı “Qarabağ”ın futbolçularına və baş məşqçisinə məsləhət də verib: “Bundan sonra isə mən “Qarabağ”ın futbolçuları və baş məşqçisinin yerinə olsam, heç bir telekanala evdəki oyunu yayımlamağa icazə verməzdim. Ya da yayımlamaq istəyən kanaldan 1 milyon pul istəyərəm”.

Üzülməyinə dəyməz. Avqustun 4-də “Qarabağ”-“Brügger” qarşılaşması Bakıda Tofiq Bəhrəmov adına stadionda keçiriləcək. Hər kəsi “Qarabağ”a dəstək verməyə çağırırıq.

RUSLAN

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!