29 İyul, 2011
Məleykə Abbaszadə valideynlərə xəbərdarlıq etdi

“O gün mənim telefonuma bir mesaj gəlib. Mesajda yazılıb ki, Türkiyə universitetində rahat ali təhsil almaq mümkündür"

“Bundan əvvəl Gürcüstanda fəaliyyət göstərən saxta universitetlərdən Azərbaycan universitetlərinə qanunsuz köçürmələr olurdu. İndi də Ukrayna universitetləri bizim tələbələrin ovuna çıxıb”.

Lent.az-ın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransındakı çıxışında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, valideynlər belə məsələlərdə ehtiyatlı olmalı, tədbirli davranmalıdırlar: “O gün mənim telefonuma bir mesaj gəlib. Mesajda yazılıb ki, Türkiyə universitetində rahat ali təhsil almaq mümkündür. Bakıda hazırlıq kursunu keçin və universitetə qəbul olun. Hər kəs bilir ki, Türkiyə ali təhsil ocaqlarına qəbul olmaq nə qədər çətindir. Belə olan halda, necə ola bilər ki, Bakıdan Türkiyə universitetinə qəbul bu qədər asan olur?”

M. Abbaszadə onu da deyib ki, onlar bu məsələlərin araşdırılması ilə məşğul olmurlar, bunun üçün müvafiq qurumlar var: “Biz, sadəcə, dövlət tərəfindən tanınan xarici universitetlərin diplomlarını qəbul edirik və xarici ali təhsil müəssisələrinə qəbulu aparırıq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!