29 İyul, 2011
Milli QHT Forumu ermənilərin vəhşiıiyinə etiraz bəyanatı yaydı

"Bu ədalətsizliyə son qoyun"

Milli QHT Forumu Aygün Şahmalıyevanın erməni terroristləri tərəfindən qətlə yetirilməsi ilə bağlı bəyanat verib. Təşkilatdan Simsar.az-a daxil olan məlumata görə, bəyanatda bildirilir: “XIX əsrin əvvəllərindən başlayaraq kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülmüş ermənilər həmin yüzilliyin sonlarından etibarən “böyük Ermənistan” xülyasını reallaşdırmaq məqsədi ilə Azərbaycan ərazilərində zaman-zaman terror aktları törədiblər. Bunun məntiqi nəticəsi olaraq Ermənistan tərəfindən torpaqlarımızın 20%-i işğal edilib, minlərlə günahsız insan, o cümlədən uşaqlar xüsusi qəddarlıqla qətlə yetirilib, minlərlə insan, yüzlərlə uşaq girov götürülüb. Təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni qəsbkarları tərəfindən uşaqlara qarşı dəfələrlə zorakılığın edilməsi, uşaqların amansızlıqla və işgəncələrlə öldürülməsi və bu kimi insanlığa sığmayan əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən hələ də lazımi qiymət verilməyib. 1994-cü ildə atəşkəs haqqında razılığın əldə olunmasına baxmayaraq, Ermənistan tərəfindən bu razılığa əməl olunmur, atəşkəs rejimi müntəzəm pozulur, nəticədə Azərbaycan tərəfindən həm hərbi qulluqçular, həm də mülki şəxslər qətlə yetirilir. Qeyd edək ki, iyulun 14-də Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə xəsarət alaraq yaralanıb.
Xatırladaq ki, 1994-cü ildə həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.
Sıralarında 600-dək QHT-ni birləşdirən Milli Qeyri-Hökumət Təşkilatları Forumu olaraq bütün dünya dövlətlərini haqq-ədalətin bərpası üçün daha obyektiv qərarlar qəbul etməyə, bu ədalətsizliyə son qoymağa, təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq etməyə, azərbaycanlıların məruz qaldığı terror və soyqırımı aktlarına hüquqi və siyasi qiymət verməyə çağırırıq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!