28 İyul, 2011
Hidayət Orucov QMİ-nın nizamlanmasında dəyişiklik təklif etdi

Azanlar arasında 10 dəqiqə fərq olur

“Təəssüf ki, bəzən Ramazan ayı ilə bağlı problemlər çıxır. Məsələn, Ramazan ayının başlanması çox vaxt ixtilafa səbəb olur. Halbuki, bu ay birlik və qardaşlıq günüdür. Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Rəsədxanası ilə birgə hazırladığı təqvim mövcuddur. Ancaq təəssüf ki, bəzi məscidlər başqa təqvimlərdən istifadə edir. Nəticədə bir məsciddəki azanla, digər məsciddəki azan arasında 10 dəqiqə fərq olur. Bu da insanları narahat edir”.


Simsar.az-ın məlumatına görə, bunu iyulun 28-də Qafqaz Müsəlmanları İdarəsində Ramazan Ayının başlanması ilə bağlı keçirilən tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. Bu günə qədər 520 islam dini icmasının dövlət qeydiyyatına alındığını deyən komitə sədri, “Dini etiqad azadlığı haqqında” qanunla tanışlıqdan sonra QMİ-nin nizamnaməsində bəzi dəyişikliklərin labüd olduğunu dilə gətirib: “İnşallah, yaxın zamanda hazırlanaraq, sizlərə göndəriləcək”.


O qeyd edib ki, bir müddət əvvəl dini qurumların qeydiyyata alınmasını dayandırıblar. Hazırda 219 dini icmanın işi QMİ-nin təqdimatı ilə DQİDK-dədir: “Dini icmaların təsisçiləri 10 nəfərdən, 50 nəfərə qaldırılıb. Bu, yenilikdir. Bu məsələlər həll edildikdən sonra həmin icmalar da dövlət qeydiyyatına alınacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!