25 İyul, 2011
Şamil Süleymanlı: “Yaxşı ki, məni tanımırlar”- FOTO

O, kinonu sirli aləm adlandırır. Özünün də dediyi kimi, ömrünü “Azərbacanfilm” kinostudiyasında keçirib. Amma kiçik aktyor olduğunu iddia edir, çünki epizodik obrazlarda çəkilməyin həvəskarıdır. Bu dəfə Şamil Süleymanlı özü danışır…

Şamil Süleymanlı 1955-ci il mayın 11-də Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. “Baladadaşın İlk Məhəbbəti” (Baladadaş), “Babamızın Babasının Babası” (Əziz), “Bağçada Rahat Yer” (Qəzənfər), “Bəyin Oğurlanması” (Həsən), “Diplom İşi” (Mahmud), “Etiraf” (Adil), Evlənmək İstəyirəm (Şamil), “Tütək Səsi”(Cümrü), “Yuxu” (Alverçi) filmlərində rol alıb.

Bir gecədə şöhrət qazandım...

Dörd-beş yaşımda Ceyhun Mirzəyevin “Kəndimiz” mahnısı evimizdə ifa etdiyim ilk səhnə nömrəm idi. Bilmirəm, bunu rol saymaq olar, ya yox... Təsadüflərlə dolu dünyadır... Çox adamdan eşitmişəm: Təsadüfən yolla gedirdim, təsadüfən əlimə bir kitab keçdi və s. Başqa sənətləri demirəm, amma təsadüfü aktyor olmaq mümkün deyil. Bu, həvəs, isdedaddan əlavə böyük hazırlıq tələb edir. Universitetdə Kərim Həsənovun sinfini bitirmişəm. İlk dəfə filmə dəvət alanda birinci kursu bitirmişdim, artıq aktyorluq sənətində nəyin nə olduğunu bilirdim. Xalq yazıçısı Elçinin “Ulduz” jurnalında dərc olunmuş “Baladadaşın ilk məhəbbəti” adlı hekayəsini oxuyanda çox xoşuma gəlmişdi. Hekayədən böyük təəssürat aldım, çünki mən Bakı bağlarında böyümüşəm. Bağa Novruz bayramından sonra gedərdik, bir də bir-iki aya geri dönərdik. Orda bir neçə Baladadaş variantı görmüşdüm. Filmə çəkilmək üçün məni sinif yoldaşım rejissora təqdim etdi. Rejissor Fikrət Əliyevlə söhbətimiz ilk görüşümüzdə alındı. Fotosınaq çəkilişləridə oldum, amma seçilmədim. Rejissor rəhbərlikdən gizli yenidən fotoçəkiliş təşkil etdi. Əslində, ikinci dəfə fotosınaq çəkilişlərinə icazə verilmirdi, yəqin məndə nə isə görürdü. Birinci rolum olan Baladadaş mənə bir gecənin içində şöhrət gətirdi. Ona görə bu rolu hamısından çox istəyirəm...

Balaca aktyoram

Aktyor olmağıma sevinirəm. Kinoya çəkilmək özü bir olaydır, kinonun hər anı sirli aləmdir. Orda qəribə hadisələr çox olur. Bəzən elə hiss edirsən ki, təklif edilən rol səninki deyil, amma çəkiliş prosesində rejissor həmin obrazı uyğunlaşdırıb mənim həyatımın bir parçası edir. Film qurtarana yaxın bilirəm ki, bu, əslində mən idim.
Kiçik rollarda çəkilməyin həvəskarıyam. Heç vaxt baş rolu ifa etmək arzusunda olmamışam. Çalışacam bundan sonra da vəzifəli şəxs rollarında oynamayım. Tez-tez məndən zəif, yoxsa güclü aktyor olmağım barədə soruşurlar. Epizodik rollar məndə daha yaxşı alındığından, belə qənaətə gəlmək olar ki, orta səviyyədən aşağı, yəni balaca aktyoram. Hərdən deyirlər ki, gərək sən rolunu xatırladasan, sonra tanısınlar. Bilmirəm, bu yaxşıdır, ya pis, amma mən yaxşıya yozuram... yaxşı ki, məni heç tanımırlar.”

Simsar teatrına dəvət etsələr məmnuniyyətlə gələrəm

Mən filmlərə müəllimlərimlə çox çəkilmişəm, amma onlarla bir filmə çəkilmək həmişə məsuliyyətli olub. Onlarla tərəf müqabili olmaqdan qorxduğum qədər heç nədən qorxmuram. Bir dəfə Hacı Ənvər adlı müəllimimlə filmə çəkilməliydim, çox ehtiyat edirdim. Çünki bilirdim ki, o danışığımda, hərəkətlərimdə mütləq bir irad tutacaq. (gülür)
Bəzənsə haqq-nahaq gənc aktyorlardan gileylənirlər. Ümumiyyətlə, cavanları tənqid etmək qocaların köhnə adətidir. Amma özümüzü gənclərlə müqayisə edək. Onlarla ayaqlaşa bilərikmi, bir neçə dildə danışa, müasir texnologiyadan baş aça bilərikmi?... Biz xaricdən gələn qonaqlarla görüşəndə dünyanı tanıdığımızı hesab edirdik, amma indiki cavanların uğurunu xarici ölkələrdən də eşidirik. Azərbaycan gəncinə demək istərdim ki, heç nəyə inanma, sükanı belə saxla! Bəyəndiyim gənc aktyorlardan biri Pərviz Məmmədrzayevdir. O, həm də çox dürüst insandır. Yeni teatr açıb- Simsar. Məni Simsar teatrına dəvət etsələr məmnuniyyətlə gələrəm. Yaşca məndən balaca olsa da onunla sənət kəşfiyyatına çıxaram. Sənətin kəşfiyyatı ağırdır. Bilirəm ki, o, bu yolda mənə gülməz, lağa qoymaz, işə yarayan məsləhətlər verər. Özüm özümçün həmişə maraqsızam. Həsənağa Turabov, Əliağa Ağayev və baqşaqlarının yaradıcılığı mənə daha maraqlı olub. Məsələn, jurnalistlərin mənə vediyi xoşuma gəlməyən suallardan biri maraqlı əhvalatlarla bağlıdır. Amma yadıma düşür ki, vaxtilə mən də kinoaktyorların başına gələn əhvalatları dinləmək istəmişəm və jurnalistlərin aktyorlara belə suallar verməsini hər zaman gözləyirdim”.

Yeni obrazlarda

Bir neçə filmə dəvət almışam. Aqil Abbasın eyniadlı əsəri əsasında çəkilən “Dolu” filmində müəllim roluna təsdiqlənmişəm. Müəllim oğluyam. Bu rolu da birnci sinifdən başlayaraq mənə dərs deyən bütün müəllimlərimə həsr edirəm. Obrazın adı yoxdur, hamı ona sadəcə müəllim deyir. Hər zaman müəllimlərimdən eşitdiyim bir cümləni də epizoda əlavə etməyi rejissordan xahiş etdim. Bu, tələffüz vaxtı dəhlizdə dayanan şagirdlərə yaxınlaşan müəllimlərin dilindən hər birimizin eşitdiyi sualdır: “Kimin sinifindənsən?” Təklif olunan epizodik rollardan biri Şah Abbas obrazıdır. Şah rolu mənim üçün yenilikdir. Şahları zalım, qəddar və ya qorxaq kimi təsəvvür edirik. Mənə isə maraqlıdır, şah yaxşı adam ola bilərmi? Təbii ki, zəhimli də olsun, amma insani xüsusiyyətlərini də saxlasın”. Ömrümü Azərbaycan kinostudiyasında keçirmişəm. Kinostudiyanın qapısının bağlı vaxtları olub, amma Azərbaycan kinosu heç vaxt bir yerdə dayanmayıb. İndi danışırlar ki, milli kinomuz inkişaf etmir, amma o zamanlar vəziyyət daha pis idi. Bu gün tanınmış festivallarda birinciliyə layiq görülən filmlərimiz var. Onları ərsəyə gətirmək böyük işdir. Bizim problemimiz odur ki, filimlər ictimaiyyətə yetəri qədər tanıdılmır. Sadəcə bu yöndə təbliğat lazımdır. Neçə illərdir Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan, bu ekran” adlı müsabiqəsi çərçivəsində ildə beş 20 dəqiqəlik film çəkilir. Gənclər bundan faydalana bilər. 20 dəqiqəlik “Baladadaşın ilk məhəbbəti” mənim həyatıma çevrildi, indisə ildə beş belə film çəkmək imkanı var.

Arifə Mikayılova – “Simsar” jurnalı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!