25 İyul, 2011
13 YAŞLI AZƏRBAYCANLI QIZA QARŞI ERMƏNİ VƏHŞİLİYİ TÜRKİYƏ MƏTBUATINDA

Hadisələrdən təkcə Azərbaycan deyil, elə Türkiyə də narahatdır 

Türkiyə mətbuatında son günlər Azərbaycan sərhəddində ermənilərin süi-qəsdi nəticəsində ard-arda həlak olan uşaqların faciəli həyatı və sərhəddəki problemlərin geniş şərhi yer alıb.

Simsar.az məlumat verir ki, yazete.com saytında yer alan “1994- cü ilin mayında çətinliklə əldə olunan atəşkəsə baxmayaraq, 17 ildir 75 kilometrlik Azərbaycan - Ermənistan sərhədində sular durulmur” yarımbaşlıqlı yazıda baş vermiş hadisədən təkcə Azərbaycanın deyil, elə Türkiyənin də narahat olduğu bildirilir.

İyulun 14-də Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.

13 yaşlı Aygünün ölümü ilə nəticələnən hadisənin yaşandığı Əlibəylinin erməni snayperlərinin hər gün nişan aldığı kəndlərdən biri olduğunu yazan sayt Türkiyə vətəndaşlarının da qurbanların uşaq olmasından məyus olduqlarını yazır.

Sayt həmçinin, mart ayında başqa sərhəd kəndində yaşayan 9 yaşlı Fariz Bədəlovun erməni əsgərlərinin güllələrinə hədəf olaraq həyatını itirdiyinə diqqət çəkib.

Erməni gülləsindən ömürlük şikəst qalsa da, Ağdamdan köçmək istəmir


Yazıda Tovuzun Sərhəd Birliyinin komandiri Mayis Berhudarovdan da açıqlama var. Həmçinin qeyd olunur ki, Tovuz rayonunun cəbhə xəttində yaşayan 40 min adamın həyatları risk altındadır.

Ağdam kəndində yaşayan Azər Nariyev 2004-ci ildə erməni əsgərlərinin oxlu hücumu zamanı özünü sipər edərək 7-8 aylıq uşağı ölümdən qurtarıb. Saytdakı yazıda A.Nariyevin aldığı yaralar nəticəsində ömürlük şikəst qalmasına baxmayaraq, Ağdamdan köçməyi düşünmədiyinə də diqqət çəkilir.


Qənirə Paşayeva: “Buradakı uşaqlar Qəzzadakılardan dəyərsizdirmi?”

Saytda həmçinin Millət vəkili Qənirə Paşayeva və Prezident Strateji Araşdırmalar Mərkəzindən Vüsal Kazımlının fikirləri də yer alıb.


Qənirə Paşayeva xaricin jurnalistin vasitəsi ilə dünyaya səslənir: “Buradakı uşaqların həyatı Qəzzadakılardan dəyərsizdirmi?"


Vüsal Kazımlı isə bunları deyib:

- Ermənistandan hər gün Rusiyaya 200 adam köç edir. Belə gedərsə, beş il ərzində Ermənistanın əhalisi 1 milyon olacaq. Digər tərəfdən, ermənistanın xarici borcları çoxalır. Azərbaycan isə 2015-ci ilə qədər 60 milyon tonluq neft tutumumuzu qoruyacağıq. 2025-ə qədər iqtisadi irəliləmə artaraq davam edəcək.



Aynurə Həsənova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!