25 İyul, 2011
Əfqanıstan azərbaycanlıların cəsədlərini vermir

Qara qutunun hansı təyyarəyə məxsus olduğu bilinmir

Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanda qəzaya uğrayan təyyarədə həlak olanların cəsədlərindən tapılan qalıqların qaytarılması ilə bağlı bu ölkəyə nota verib.

 Bu barədə Simsar.az-a təyyarə qəzasının səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən üzvü Adil Qasımov məlumat verib. 

O bildirib ki, hazırda cəsədlərin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı Əfqanıstan tərəfdən cavab gözləyirlər: “Bizim təyyarəmiz hazırdır. Cəsədlərin gətirilməsinə tam hazırıq. Ancaq Əfqanıstan hələ ki tapılan cəsədlərin bizə verilməsi ilə bağlı heç bir söz deməyib. Onlardan cavab gözləyirik. Razılıq verilən kimi qəzada həlak olanların cəsədlərinin qalıqlarını Azərbaycana gətirəcəyik”.

Təyyarənin “qara qutu”sunun da Moskvaya araşdırmaya göndərilməsi ilə bağlı Əfqanıstan tərəfinə müraciət olunduğunu qeyd edən A. Qasımov hələ də tapılan “qara qutu”nun Azərbaycan təyyarəsinə aidliyinə əmin olmadıqlarını bildirib: “Biz “qara qutu”nu ancaq fotoşəkillərdə görmüşük. Əfqanıstandakı nümayəndəmiz onun bizim təyyarəyə aid olub-olmadığını dəqiqləşdirməyib. Çünki üzərindəki seriya nömrələrindən bəziləri yanıb, görünməz hala düşüb. Tapılan “qara qutu”nun bizim təyyarəyə aid olub-olmadığı açılıb oxunduqdan sonra bəlli olacaq. Hazırda çalışırıq ki, Əfqanıstan “qara qutu”nu Moskvaya göndərsin”.

Xatırladaq ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus “İL-76” təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!