23 İyul, 2011
Baş redaktor həbs edildi

Onun barəsində Nərimanov rayon Polis İdarəsi tərəfindən dələduzluq maddəsi ilə beynəlxalq axtarış elan edilib

Ukraynada dərc olunan “Azərbaycan sözü” qəzetinin baş redaktoru Azər Qardaşlı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Bunu Lent.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı səfirliyimizdə nümayəndəsi Zəfər Abiyev bildirib.


O deyib ki, Azər Qardaşlı ləqəbi ilə tanınan şəxs 10 gün öncə Ukrayna hüquq-mühafizə orqanları tərəfindən həbs edilib və yaxın iki ayda Azərbaycana ekstradisiya olunacaq. Z.Abiyevin sözlərinə görə, araşdırmalar nəticəsində əldə etdikləri məlumata görə, Azər Qardaşlı imzası ilə jurnalist fəaliyyəti göstərən şəxsin əsl ad-soyadı İlham Xudiyev olub. O, Bakının Nərimanov rayon Polis İdarəsi tərəfindən dələduzluq maddəsilə beynəlxalq axtarışa verilib.


Azər Qardaşlı İlham Xudiyevin özünə seçdiyi təxəllüs olub. O, bu ilin martında Ukraynada azərbaycan dilində dərc olunmağa başlayan “Azərbaycan sözü” qəzetinin baş redaktorluğunu həyata keçirib. Qəzetin təsisçisi Ukraynada fəaliyyət göstərən “Demokratiyanın nəbzi” beynəlxalq ictimai təşkilatının rəhbəri Hikmət Cavadovdur. Təşkilatın 2005-ci ildə Ukrayna və Azərbaycanın ictimai xadimləri tərəfindən yaradıldığını bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!