22 İyul, 2011
Metyu Brayza Göyçayda

Səfir nar bağlarını gəzib

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Göyçay rayonuna səfər edərək nar istehsalçıları ilə görüşüb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən “APA-ECONOMICS”ə verilən xəbərə görə, səfərdə məqsəd fermerlər, emalçılar və topdansatış alıcıları da daxil olmaqla, narçılıq sektorunun nümayəndələri ilə görüşmək, bu sektorda olan imkanlar və onun üzləşdiyi çətinliklərlə daha yaxından tanış olmaq olub.

Diplomat səfərinə regionun ən böyük emalçısı olan “Aznar”ın istehsal və saxlanma avadanlıqlarına baxışla başlayıb. qeyd edək ki, “Aznar” ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) texniki dəstək alır.

Sonra səfir yerli topdansatış alıcıları ilə görüşüb və yerli fermerlərin nar bağlarını dolaşıb. M.Brayza görüşdə qeyd edib ki, ABŞ öz üzərinə Azərbaycan iqtisadiyyatını şaxələndirməyə yardım etmək öhdəliyini götürüb: “Kənd təsərrüfatı sektoru, ələlxüsus nar istehsalatı, çox effektiv əməkdaşlığa sahib olduğumuz bir sahədir. USAİD-in dəstəyi narçılıq sektoruna iqtisadiyyatın inkişafı və kənd əhalisinin rifahına mühüm töhfə verməyə kömək edir. USAİD uğurlu kənd təsərrüfatı təcrübəsi, ilkin məhsul təchizatı, soyuqda saxlanma idarəçiliyi, biçim sonrası qayğı və marketinq sahələrində təlimlər də daxil olmaqla, sektorda rəqabətin inkişafına dəstək verməyə davam edəcək”.

ABŞ səfiri qeyd edib ki, məhsuldarlığın artması yalnız satışların və gəlirin artmasına gətirib çıxarmayacaq, həmçinin aqro-biznes sahəsində böyük əhəmiyyəti olan yüksək maaşlı iş yerləri yaradacaq: “USAİD-in texniki məsləhətçiləri bu mühüm sektorun inkişafını davam etdirmək istiqamətində davamlı səy göstərərək, yeni və dinamik bazarlar tapmaq üçün sektorun aparıcı nümayəndələri ilə işlərini davam etdirəcəklər”.

Fermerlər və yerli hakimiyyət orqanlarının nümayəndələri USAİD-in Azərbaycanda Rəqabətlilik və Ticarət proqramı çərçivəsində aqro-biznesin inkişafına olan davamlı dəstəyinə görə minnətdarlıqlarını bildiriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!