22 İyul, 2011
Məleykə Abbaszadə: "Müdafiə Nazirliyindən xahiş etməyəcəm"

Tibb fakültəsinin tələbələri əsgərliyə gedəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün Odlar Yurdu Universitetinin tibb fakültəsinin oğlan tələbələri ilə bağlı yaranmış rezidentura qalmaqalına münasibət bildirib.

Simsar.az-ın məlumatına görə, M.Abbazadə deyib ki, bu universitetin rektoru Əhməd Vəliyev tibb fakültəsini bu il bitirən oğlan tələbələrinin rezidentura imtahanlarına buraxılması ilə bağlı ona müraciət edib. TQDK sədri qeyd edib ki, burada söhbətin əsasında Müdafiə Nazirliyindən xahişlə bağlı məsələ durur: “Mən Azərbaycan Tibb Universitetinin oğlan tələbələri ilə bağlı Müdafiə Nazirliyindən xahiş etmişdim ki, onlar iyul çağırışında yox, oktyabr ayında hərbi xidmətə çağırılsınlar. Çünki bu il rezidentura imtahanları sentyabr ayında keçiriləcək”. 


M. Abbaszadə bildirib ki, bu barədə qərara Tibb Universitetinin tələbələri ilə görüşdə gəlib və həmin tələbələrə bununla bağlı söz verib: “Ancaq hər hansı qurumdan xahiş etmək və ya etməmək qanun pozuntusu, yaxud qanunun tələbi deyil. Odlar Yurdu Universitetinin oğlan tələbələri ilə bağlı Müdafiə Nazirliyindən xahiş etməyəcəyəm. Bu, hər hansı qanunun tələbi də deyil ki, mən xahiş edim. O tələbələrin həmin universitetə necə qəbul olunduğu bilinmir. Onlar 2005-ci ildə TQDK-nın keçirdiyi imtahanda iştirak edib və heç bir universitetə qəbul olunmayıb. Ancaq sonradan Beynəlxalq və Odlar Yurdu Universitetlərinə necə qəbul olublar, mən bunu bilmirəm. İkincisi, özəl universitetlərin tibb fakültələrinə çox aşağı balla qəbullar aparılıb. Buna görə də Müdafiə Nazirliyindən xahiş etmək niyyətində deyiləm və etməyəcəyəm”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!