21 İyul, 2011
KÖÇKÜNLƏRİN PROBLEMLƏRİNƏ 4,5 MİLYARD DOLLAR SƏRF OLUNUB

Azərbaycanda 20 il ərzində qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün 4,5 milyard ABŞ dolları məbləğində vəsait sərf edilib.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropa Xalq Partiyasının (AXP) üzvləri ilə görüşündə bildirib.

Komitə sədri deyib ki, bunun 2,6 milyard dolları büdcə, 1 milyard dolları Dövlət Neft Fondunun, 900 milyon dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir. Ötən dövrdə qaçqın və məcburi köçkünlər üçün 67 yeni qəsəbə tikilib, 100 min qaçqın və məcburi köçkün həmin qəsəbələrə köçürülüb.

AXP-nin sədri Luca Volonte Azərbaycandakı qaçqın və məcburi köçkünlərin həyat şəraiti ilə maraqlandıqlarını diqqətə çatdırıb. O, əlavə edib ki, Dağlıq Qarabağ probleminin həlli danışıqlar yolu ilə həll edilməli, məcburi köçkünlər evlərinə qayıtmalıdırlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!