21 İyul, 2011
Təzyiqə məruz qalan jurnalistlər barədə film çəkilib

“073 saylı reys”in əsas qəhrəmanı jurnalist Aqil Xəlildir

“Jurnalistikanın İnkişafına Yardım” İctimai Birliyi təzyiqə məruz qalan Azərbaycan jurnalistlərinə həsr olunan “073 saylı reys” filmini təqdim edib.

Marşall Fondunun (ABŞ) maliyyə dəstəyi ilə reallaşan filmdə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevin qəddarlıqla döyülməsi, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin, “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsi, “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilin təzyiqlərə məruz qalaraq ölkəni tərk etməsi əks olunub.

Müəllifi Arzu Qazıyeva, rejissoru Rasim Məmmədov olan filmin əsas qəhrəmanı hazırda Fransada mühacir həyatı sürən Aqil Xəlildir. Parisin Sorbonn Universitetində təhsil alan, üç ildir vətəndən uzaq düşən jurnalist başına gələnlərdən - döyülməsindən, bıçaqlanmasından, başqa təzyiqlərdən danışır, gələcəkdə hüquq müdafiəçisi olmağı düşündüyünü söyləyir.

İyulun 20-də keçirilən təqdimatda “073 saylı reys” haqqında fikirlərini auditoriya ilə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, jurnalist Səadət Qabilqızı, köşə yazarı Xalıq Bahadır, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, BDU-nun jurnalistika fakültəsinin baş müəllimi Nəsiman Yaqublu, Marşall Fondunun nümayəndəsi Mehriban Rəhimli bölüşüb.

Filmin internetdə yayılması təklif edilib.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!