20 İyul, 2011
“Binə”yə hücum edib adam öldürən tutuldu

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq “Binə” Ticarət Mərkəzindəki hadisə ilə bağlı birgə məlumat yayıb

“Binə” Ticarət Mərkəzində valyutadəyişmə məntəqəsinə basqın edərək bir nəfəri qətlə yetirən şəxs həbs edilib. Bu barədə Simsar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, iyulun 14-də maska taxmış naməlum şəxs, Qaradağ rayonu "Binə" ticarət mərkəzindəki valyutadəyişmə məntəqələrindən birində odlu silahdan açdığı atəşlə oranın işçisi Əli Əliyevi öldürüb və məntəqəyə məxsus 16 min manatı götürüb hadisə yerindən qaçıb.

Fakt üzrə cinayət işi başlanılaraq Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Qrupun həyata keçirdiyi intensiv və məqsədyönlü tədbirlərlə bu ağır cinayəti törətmiş Lökbatan qəsəbəsində kirayədə yaşayan Arzuman Bəşirov tutulub. O, ilkin dindirmə zamanı törətdiyi qətli tam etiraf edib və cinayət aləti olan tapançanı tanışı Zakir İbayevə verdiyini bildirib.

Xırdalan şəhərində yaşayan sonuncunun evinə baxış keçirilərkən Arzuman Bəşirovun cinayətdə istifadə etdiyi "Steçkin" markalı, darağında 17 patronu olan tapança aşkarlanaraq götürülüb.

İşin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!