20 İyul, 2011
DÜNYANIN YEGANƏ MUZEYİ AZƏRBAYCANDA-REPORTAJ - FOTO

Tofiq Karayev: “Adamlar çox vaxt dənizdən tapdıqları molyuskaları suvenir kimi evdə saxlayırlar, bilmirlər ki, ilbizlərin quyruq hissəsi molyuska qabığında qalır və infeksiya yığılır”

Bura müxtəlif növ molyuska qabıqlarının saxlandığı yeganə muzeydir- Bayılda yerləşir. “Rinay” Malakofauna Muzeyində dünyanın hər yerindən toplanmış molyuska qabıqlarına rast gəlmək olar. Muzeyin direktoru Tofiq Karayev “Hər bir okeanın və ya dənizin yalnız ona aid nümunələrinin saxlandığı muzeylər var. Amma bütün su və quruda yaşayan malakofaunanın bir arada toplandığı muzey təkcə Azərbaycandadır” - deyir. Qeyd edək ki, T. Karayev geologiya, mineralogiya elmləri üzrə professordur. Aviomodel idmanı üzrə dünya, yüngül atletika üzrə SSRİ rekordçusudur. Avarçəkmə və valebol üzrə ikiqat dünya çempionu, çoxnövlük üzrə dördqat çempion olub. Beynəlxalq dərəcəli hakim, Azərbaycan Atlantika Federasiyasnın, Milli Olimpiya Akademiyasının vitse-prezidentidir.

Nəsildən nəsilə qalan molyuska qabıqları

Dünyada bənzəri olmayan "Rinay" həm də Azərbaycanda ilk şəxsi muzeydir. T. Karayev 1986-ci ildə yaradılan muzeyin tarixçəsi barədə danışır: “Atam Sadiq Karayev 1932-ci ildən 1937-ci ilə qədər İngiltərədə və ABŞ-da neft üzrə ekspert işləyib. O zaman milyonçular müxtəlif pullar, markalar, şəkillər yığırdılar. Atam neftçi olduğundan molyuska qabıqları toplayırdı. Hər ezamiyyətdən gələndə bir çamadan molyuska qabığı gətirərdi. Həmin çamadan hazırda Tarix Muzeyindədir”.
1937-ci ildə Sadiq Karayev Sibirə sürgün olunur. Oğlu Tofiq Karayev toplunu sistemləşdirməklə bərabər, şəxsən yığdığı molyuska nümunələrini də kolleksiyaya əlavə edir. T. Karayev muzeyin adını övaladları Nailə və Riadın adlarına uyğunlaşdırıb. “Rinay”ın hərfi mənası “Qanuni nailiyyət” deməkdir.

Molyuskaları öyrənən elm malakofauna adlanır. Muzeydə Şimali və Cənubi Amerika, Avrasiya, Avstraliya, Afrika, həmçinin Sakit, Atlantik və Hind okeanının malakofauna nümunələri var. Nümayiş etdirilən hər molyuska qabığına onun adını bildirən xüsusi etiket yapışdırılıb: “Bəzilərini ağacdan, çaydan, göllərdən yığmışam. Hətta qədimdə Azərbaycanda yaşayan molyuskaları qazıntılar zamanı tapıb kolleksiyaya əlavə etmişəm”. Muzeyin eksponatları sırasında “Qırmızı kitaba” düşən molyuskalar da çoxdur: “Bəziləri “Qırmızı kitab”dan da çıxarılıb. Çünki artıq həmin növlərdən qalmayıb”.

“Hərəsinin öz təkrarsızlığı var...”

“Muzeyin ümumi kolleksiyasında 5 minə yaxın eksponat toplanıb: “4 mindən çoxunu Heydər Əliyev Fonduna bağışlamışam. Orda saxlanılır, amma istərdim ki, bu eksponatları bütün dünya görsün”-deyən T. Karayev bütün eksponatların onun üçün özəl olduğunu bildirir: “Bunların heç birini fərqləndirmirəm. Hərəsinin öz gözəlliyi və təkrarsızlığı var”. Professorun sözlərinə görə, molyuska qabıqlarının çəkisi, qalınlığı molyuskanın yaşadığı yerin xüsusiyyətlərindən asılıdır: “Məsələn, Atlantik və Sakit okeanlar soyuq olduğundan ordakı molyuskların qabıqları Hind okeanında yaşayan molyuskaların qabığından daha qalın olur. Okean molyuskaları iri, çay və göl molyuskaları isə nisbətən xırdadır”.

Sterilizə edilməyən molyuska infeksiya yayır

Muzeydə molyuskalardan əlavə, su kirpisi, dəniz ulduzları, sualtı, tısbağa qını, karal, lanqust, mişar balığının buynuzunu da görmək olar. Direktor deyir ki, eksponatlara xüsusi qulluq edilməsə onların yaxınlığından keçmək təhlükəlidir: “Adamlar çox vaxt dənizdən tapdıqları molyuskaları suvenir kimi evdə saxlayırlar. Bilmirlər ki, ilbizlərin quyruq hissəsi molyuska qabığında qalır və infeksiya yığılır. Bunları nəinki evdə saxlamaq, heç göstərmək də olmaz. Mən hamısına mikroskopla baxıb xüsusi üsulla sterilizə edirəm”.

Dünyada tanınan eksponatlar

Medal və diplomlarla təltif edilən muzey müxtəlif beynəlxalq sərgilərdə təmsil olunub. Eksponatları 14 ölkədə nümayiş etdirilir. Kolleksiyalarından nümunələr mübadilə yolu ilə Avstraliya, Kanada, Argentina, İspaniya, Almaniya, Türkiyə, Əlcəzair, İndoneziya, Rusiya və Ukrayna paleontologiya muzeylərinə verilib: “Simpoziumlarda elmi məruzəylə çıxış etməklə yanaşı, apardığım kolleksiyanı həmin ölkəyə hədiyyə edirəm. Hər il xaricə gedib muzeyimizə yeni eksponatlar gətirirəm”. Muzey haqqında Beynəlxalq reystrdə, Azərbaycan Milli Ensiklopediyasında və “Azərbaycan Muzeyləri” kitabında məlumat yer alıb və iki dessertasiya yazılıb. Muzeydə tələbə və şagirdlər üçün praktik dərslər keçirilir. Akademik Milli Dram Tearının direktoru İsrafil İsrafilovun təklifi ilə malakofauna nümunələri iki ildən bir Dövlət İncəsənət Muzeyində sərgilənir.

“Muzeyə görə dörd ölkədən mənə vətəndaşlıq verirdilər...”

T. Karayev yaradıcısı və təsisçisi olduğu muzeyi nəvəsi Bünyad Ünüzadəyə tapşırıb. O, Turizm İnstitutunun tələbəsidir. B. Ünüzadə muzey işində babasına uşaq vaxtlarından kömək etdiyini söyləyir: “Babam bunları gətirirdi, təmizləyirdi. Mən də ona yardım edirdim, bir-bir spirtlə yuyurdum. Amma babam kimi molyuskaların adlarını bilmirəm, çünki çoxu latın sözləridir”. T. Karayev bildirir ki, muzeyin kolleksiyasını satın almaq üçün bir çox ölkədən təklif gəlib: “Hətta bir neçə il bundan əvvəl, Rusiyanın əli ilə Ermənistandan eksponatları almaq istəyənlər vardı. Mən də bu nümunələri jurnalistlərin yanında təhvil verəcəyimi bildirdim, onda çəkindilər gəlmədilər. Dörd ölkədən mənə vətəndaşlıq verirdilər, amma eksponatlarla birlikdə getməliydim. Bu, o deməkdir ki, mən dünyadan köçəndə bu kolleksiya vətəndaşı olduğum ölkənin mülkü olacaq. Getmədim, çünki Azərbaycansız yaşaya bilmərəm”. Muzeyə giriş pulsuzdur, gələnlərə isə eksponatlardan hazırlanmış suvenirlər bağışlanır. Qonaqlar həmişə çox olur. Tofiq Karayev deyir ki, muzeyə tez-tez gələn turistlər və xarici ölkələrin səfirləri eksponatları gördükdə heyrətlərini gizlədə bilmirlər.


Arifə Mikayılova "Simsar" jurnalı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!