19 İyul, 2011
22 iyulda qəzetlərə yardım verilməyəcək

Mətbuat Şurası ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu bayram tədbirini “Min bir gecə” restoranında keçirəcək

22 iyul Milli Mətbuat Günü münasibətilə Mətbuat Şurası ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu birgə tədbir keçirəcək. Bu barədə Yeni Müsavat”a açıqlamasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli məlumat verib. Onun sözlərinə görə, tədbir saat 19.00-da “Min bir gecə” restoranında baş tutacaq və fondun elan etdiyi jurnalist müsabiqəsinin qalibləri də mükafatlandırılacaq.

V.Səfərli dedi ki, bu il mətbuata birdəfəlik yardımların verilməsi nəzərdə tutulmayıb. Onun sözlərinə görə, buna səbəb son bir ildə medianın inkişafı üçün böyük məbləğdə qrantların ayrılmasıdır: “Keçən il də çoxlu qrantlar ayrılmışdı. Amma onda mediaya birdəfəlik yardımlar Prezidentin fondundan ayrılmışdı. Çünki keçən il yubiley idi. Bu il isə biz daha çox qrantlar və jurnalistlərin binası üçün çalışmışıq”.

V.Səfərli jurnalistlərin binasının təməlatma mərasimi üçün daha öncədən 22 iyul tarixini nəzərdə tutduqlarını, amma bu planı həyata keçirə bilməyəcəklərini deyib. Onun sözlərinə görə, hazırda sənədləşmədə müəyyən problemlər var: “Amma sənədləşmə də yekunlaşmaq üzrədir. Bayram günü alınmayacaq, amma tezliklə bu işi də həll edəcəyik”.

Binada mənzillərin sayının artırılmasının nəzərdə tutulmadığını da qeyd edən V. Səfərli layihənin artıq təsdiq olunduğunu söyləyib: “İki bloklu 18 mərtəbəli bina olacaq. Biz mənzillərin verilməsi ilə bağlı jurnalistlər üçün müvafiq sənədlər təqdim edəcəyik. Əvvəlcədən deyim ki, mənzillər 2 və 3 otaqlı olacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!