19 İyul, 2011
Şair uşaqlarıilə birgə AYB qarşısında aksiya keçirdi

Şaiq Vəli: “Bu qurumun jurnallarında, qəzetlərində ölü işçilər var”

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair Şaiq Vəli ağır sosial durumu ilə bağlı aclıq aksiyasına başlayıb. Uzun illərdi kirədə qalan şair ev pulunu ödəyə bilmədiyi üçün küçələrdə gecələməli olub. Şaiq Vəli buna etiraz olaraq AYB-nin binasında aclıq aksiyasına başlayıb.

O, “Simsar.az” saytına deyib ki, AYB-də haqq ədalət yerini tapmır: “Burda hər şey qohumluq səviyyəsində həyata keçirilir. Anar müəllimdən dəfələrlə iş istəmişəm, o, mənə yox deyir”.

Ş.Vəlinin sözlərinə görə, vəziyyəti ilə əlaqədar ölkə rəhbərliyinə də müraciət edib və onlar müraciəti AYB-yə göndəriblər. Şairin sözlərinə görə, 20 ildir kirədə qalır: “Oğlum Qarabağ müharibəsində həlak olub. Üç balaca uşağım acından ölür. AYB-də çoxusu yazıçı deyil, amma prezident təqaüdü alır. Bu qurumun jurnallarında, qəzetlərində ölü işçilər var. Mən niyə işləməməliyəm. 1987-ci ildən AYB-nin üzvüyəm. “Azərbaycan” qəzetində şöbə müdiri işləmişəm. Sovet vaxtı yaxşı qonarar alırdıq. İndi isə acından ölürük”.

Ş.Vəli tələbləri yerinə yetirilməyənə qədər aclıq aksiyasını davam etdirəcəyini deyib.

AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu isə Kulis.az-a açıqlamasında Ş.Vəlini istedadlı şair kimi tanıdığı bildirib: “Şaiq Vəli bizim jurnallarda daim dərc olunub. AYB-nin təqdimati ilə ona prezidentin xüsusi təqaüdü verilib. İndi vəziyyət doğurdanda ağırdır. Şair də bir atadır. O da uşaqlarını dolandırmalıdır. Amma burada bütün işlər ştatladır. Biz kimisə çıxardıb yerinə Şaiq Vəlini qoya bilmərik axı?”

Ruslan

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!