19 İyul, 2011
MTN-NİN NAXÇIVAN ŞƏHƏR ŞÖBƏ BİNASI İSTİFADƏYƏ VERİLDİ

Milli təhlükəsizlik orqanları əməkdaşları üçün nümunəvi iş şəraitinin yaradılması və xidmətin keyfiyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Naxçıvan şəhər şöbəsinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova raport verib.
Ali Məclisin sədri Vasif Talıbov açılış mərasimində çıxış edərək demişdir: Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Naxçıvan şəhər şöbəsi 2004-cü ildə nazirliyin yeni əsasnaməsi təsdiq olunarkən yaradılmışdır. Ötən müddət ərzində şöbə uyğunlaşdırılmış binada fəaliyyət göstərib.

Bu gündən etibarən isə şöbə öz fəaliyyətini əsaslı şəkildə yenidən qurmuş, müasir tələblərə cavab verən binada davam etdirəcəkdir.

Milli Təhlükəsizlik Nazirliyinin Naxçıvan şəhər şöbəsi Naxçıvan şəhərində milli təhlükəsizlik üzrə Azərbaycan dövlətinin siyasətini həyata keçirən və təmin edən bir orqandır. Bu təşkilat Naxçıvan şəhəri üzrə əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini təşkil edir, həyata keçirir, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə təhqiqatlar aparır, xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Naxçıvan şəhəri üzrə Azərbaycan Respublikasının milli maraqlarına qarşı yönəlmiş niyyətlərinin, planlarının və əməllərinin qarşısının alınması məqsədi ilə tədbirlər görür.

Qeyd olunmuşdur ki, nə Sovet İttifaqı dönəmində, nə də sonrakı illərdə milli təhlükəsizlik orqanlarının Naxçıvan şəhər şöbəsi fəaliyyət göstərməmişdir. Lakin sonralar muxtar respublikanın strateji mövqeyi, əhəmiyyəti, bura olan maraqlar nəzərə alınaraq Milli Təhlükəsizlik Nazirliyinin Naxçıvan şəhər şöbəsinin yaradılması qərara alınıb.

Bu gün ən müasir texniki vasitə və avadanlıqla təmin olunmuş yeni binanın əməkdaşların istifadəsinə verilməsi bu sahəyə olan yüksək dövlət qayğısının daha bir nümunəsidir. Bunun müqabilində şöbədə çalışan əməkdaşlar dövlətimiz tərəfindən qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirməyə çalışmalı, əməliyyat yolu ilə alınmış məlumatlar dərindən təhlil edilməli, ondan nəticə çıxarılmalı, müvafiq tədbirlər görülməlidir.

Ali Məclisin sədri əmin olduğunu bildirmişdir ki, Milli Təhlükəsizlik Nazirliyinin Naxçıvan şəhər şöbəsi qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirəcək, dövlətimiz tərəfindən müəyyənləşdirilən vəzifələri uğurla icra edəcəkdir.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra binaya baxış olub.

Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan bina müasir standartlar səviyyəsindədir. Burada fəaliyyət üçün əməkdaşlara hər cür şərait yaradılmış, otaqlar lazımi avadanlıq və texniki vasitələrlə təmin olunmuşdur. Bu da dövlətimizin təhlükəsizliyinin təminatı, qarşıya qoyulan vəzifələrin uğurlu icra edilməsinə imkan verəcəkdir.

Zirzəmidə şöbənin əməkdaşları üçün elektron təlim atış zalı istifadəyə verilib.
İdman zalında şöbənin əməkdaşlarının fiziki hazırlığının artırılması üçün hər cür şərait yaradılmış, müasir idman avadanlığı qoyulmuşdur. Binada fərdi qazanxana, müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb.

Binanın həyətində xidməti avtomobillər üçün qarajlar inşa olunmuş, abadlıq və yaşıllaşdırma işləri aparılmış, əraziyə kilid daş döşənmiş, bardür düzülmüş, dekorativ ağaclar əkilib.
Açılış tədbirindən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri muxtar respublikanın prokurorluq orqanlarına 3 “Nissan”, 3 “Volkswagen”, 3 “Niva-Chevrolet” markalı xidməti avtomobillərinin açarlarını təqdim edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!