14 İyul, 2011
Məhkəmədə qalmaqal

 Təqsirləndirilənlərin yaxınlarından biri prokurorun ünvanına ittihamlar səsləndirib  

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun və partiya üzvü Zülfüqar Mikayılovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda zamində olan təqsirləndirilən Zülfüqar Mikayılovun dövlət tərəfindən təqdim olunan vəkil Gülsüm Salmanovadan imtina etdiyi, vəkil Rüstəm Zülfüqarovla müqavilə bağladığı bildirilib.
Mövsüm Səmədovun vəkili Anar Qasımov müdafiə etdiyi şəxsin cinayət işçində dəlil-sübutların olmadığını deyərək cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. O, həmçinin qeyd edib ki, əgər bu vəsatət təmin olunmasa, M. Səmədov barəsində həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmalıdır.



Dövlət ittihamçısı isə vəsatətlərin rədd olunmasını istəyib. Təqsirləndirilən Rufulla Axundzadə prokurorun mövqeyini əsassız adlandırıb. Bundan sonra təqsirləndirilənlərin yaxınlarından biri prokurorun ünvanına ittihamlar səsləndirib. İclasda qalmaqal yaranıb. Hakimin müdaxiləsindən sonra sakitlik bərpa olunub, proses iştirakçılarına xəbərdarlıq edilib.


Digər təqsirləndirilənlərin vəkilləri də cinayət işinə xitam verilməsini, əks halda, müdafiə etdikləri şəxslərin barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyiblər.

Hazırlıq iclası iyulun 21-nə qədər təxirə salınıb.


Qeyd edək ki, ittiham olunan şəxslər yanvarın 7-də inzibati qaydada saxlanılıblar. Sonradan isə onlar Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrora hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələr üzrə ittiham olunurlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!