14 İyul, 2011
DİN basqın barəsində məlumat yaydı

Ticarət Mərkəzindəki valyutadəyişmə məntəqəsinə iki maskalı şəxs basqın edib

Daxili İşlər Nazirliyi “Binə” Ticarət Mərkəzində valyutadəyişmə məntəqəsinə edilən basqınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, hadisə bu gün səhər saat 09.30 radələrində baş verib. “Binə” Ticarət Mərkəzində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birinə iki maskalı şəxs basqın edib. Onların açdığı atəş nəticəsində məntəqədə olan bir nəfər güllə yarası alıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Basqınçılar hadisə yerindən qaçıblar.

Hazırda Qaradağ Rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə yerində araşdırma aparır. Cinayəti törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, silahlı basqın zamanı öldürülən şəxs Naxçıvan sakini, 25 yaşlı Əli Əliyevdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!