6 İyul, 2011
SAYTLARA DÖVLƏT PUL VERSƏ, NECƏ OLACAQ?

Simsar.az bu suala cavab axtarır

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərinin maliyyələşməsi prosesi artıq dördüncü mərhələsini yaşayır. Bu müddət ərzində yazılı mətbuata milyonlarla manat pul ayrılıb. Elə fikirlər var ki, yaxın zamanlarda internet mediasına da eyni münasibət göstəriləcək.

Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov jurnalistlərə açıqlamasında bildirib ki, İnternet jurnalistikası ilə bağlı sənədin hazırlanması üzərində iş gedir:
“Hazırlanacaq sənəddə çatışmayan problemlər öz əksini tapacaq. Məlumdur ki, qəzet və jurnallara dövlət yardımı nəzərdə tutulub. Ancaq internet jurnalistikasına belə yardımlar göstərilmir. Bu sahənin inkişafı üçün internet jurnalistikasına dövlət dəstəyi tələb olunur”.

Simsar.az saytı bir neçə sayt rəhbərliyinə bu mövzuda müraciət etdi. Onlardan saytların dövlət tərəfindən maliyyələşməsinin hansı nəticələr verə biləcəyini öyrəndi.


Day.Az Media Şirkətinin baş direktorunun müavini və şirkətin media layihələri üzrə şef redaktoru Sevda İlhamqızı:

- Azərbaycanda internet mediasının inkişafına dəstək çox vacibdir. Azərbaycan internet sektorunun çox da inkişaf etmədiyi, lakin ən təlabatlı sahələrdən olduğu ölkələrdəndir. Üstəlik internet mediası günü-günüdən inkişaf edir, xəbər resurslarının sayı artır. Bu sahənin daha peşəkar, müasir səviyyəyə qaldırılmasına zərurət var. İnternet əsrində, informasiya texnologiyalarının geniş vüsət aldığı bir dövrdə bu dəstək çox yerinə düşür və bu, yalnız alqışlanmalıdır. Düşünmürəm ki, maliyyələşmə saytların müstəqilliklərinə xələl gətirər, əksinə inkişafa səbəb olar.

Gün.az saytının məsul redaktoru Emil Quliyev:

- Saytlar da Kütləvi İnformasiya Vasitələrinin yeni bir növüdür. Necə ki, qəzetlər dövlət tərəfindən maliyyələşir, eləcə də saytların da maliyyəşməsi yaxşı olardı. Dünyada da bu təcrübə işləyir. İnanmıram ki, bu saytların müstəqilliyinə xələl gətirə bilər. Çünki, bir çox dövlət, həmçinin müxalifət qəzetləri var ki, onlara da maliyyə ayrılır. Bu o deməkdi ki, onların müstəqilliyinə şübhə ilə baxmaq lazımdır? Bu addım saytların inkişafına təkan verəcək.

Lent.az saytının baş redaktoru Gülşən Hacıyeva:

- Əflatun Amaşovun fikrini dəstəkləyirik. Elektron, yazılı KİV kifayət qədər inkişaf edib, saytlara da dəstək lazımdır. Maliyyə ayrılsa, bu ancaq KİV-in inkişafına dəstək olar. Bu maliyyə saytların müstəqilliyinə xələl gətirə bilməz. Çünki, müstəqil qəzetlər var ki, onlar da dövlət tərəfindən maliyyələşir. Bu o deməkdir ki, onlar müstəqil deyil?

Var.az saytının baş redaktoru Aynur Elgünəş:

- Kütləvi İnformasiya Vasitələrinin dövlət tərəfindən maliyyələşməsi doğru deyil. Dünyanın heç bir yerində mətbuat dövlətdən maliyyə dəstəyi almır. Bu həmin mətbu orqanın müstəqilliyinə xələl gətirir. Hətta mən qəzetlərin də dövlət tərəfindən maliyyələşməsinin əleyhinəyəm. Avropa Şurasının Azərbaycan qarşısında qoyduğu öhdəliklərdən biri də budur ki, media azad olmalıdır.

Aynurə Həsənova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!