6 İyul, 2011
AZAL-nın təyyarəsi havada naməlum obyektlə toqquşub

Azərbaycan təyyarəsinin Əfqanıstanda qəzaya uğraması ilə bağlı ilk rəsmi açıqlama yayılıb

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin Əfqanıstanda qəzaya uğraması ilə bağlı rəsmi açıqlama yayıb.

Administrasiyadan Simsar.az-a verilən məlumata görə, Əfqanıstanın hava məkanı idarəetmə xidmətindən daxil olmuş məlumatda 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşan Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi ilə rabitənin ani olaraq kəsildiyi və radarlarda görüntüsünün itdiyi bildirilib. Eyni zamanda Kabil hava limanının qülləsində gəminin uçuşunu idarə edən dispetçer hava limanından təxminən 25 km uzaqlıqda 4 km hündürlükdə havada işartı gördüyünü bildirib.


Rabitə kəsilən ana qədər gəminin ekipajı tərəfindən hər hansı nasazlıq və ya qəza şəraiti barədə məlumat daxil olmadığından, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur.


Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.

Yük qaldırma imkanı 40 ton olan İl-76 4K-AZ 55 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib.


Təyyarənin göyərtəsində 9 ekipaj üzvü olub. Gəmi kapitanı 4576 saat uçuş təcrübəsi olan pilot - 1969-cu il təvəllüdlü Kuzmin Sergey Viktoroviç olub.

Göstərilən aviasiya hadisəsinin araşdırılması üçün komissiya yaradılıb və Əfqanıstan aviasiya rəhbərliyi ilə razılaşdırılaraq hadisə yerinə mütəxəssislərin uçuşu planlaşdırılır. Hadisə ilə bağlı daha ətraflı məlumat komissiyanın araşdırmalarından sonra veriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!