6 İyul, 2011
III İXTİSAS QRUPUNDA KEÇİD BALI AŞAĞI SALINIB

Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tələb olunan minimal keçid balı 300-dən 250-yə endirilib.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.

Onun sözlərinə görə, bu il III qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

E.Nağızadə deyib ki, xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqədə iştirak etmək üçün tələb olunan şərtlərdə dəyişiklik edilib. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdirilib. Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 24-dən avqustun 2-dək “Abituriyentin elektron ərizəsi”ndə ixtisasları seçib təsdiq etməlidirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!