5 İyul, 2011
Son beş ildə idmançılarımız 2583 medal qazanıb

Əhali arasında futbol, voleybol, şahmat, yüngül atletika, basketbol, dama, tennis, boks və sərbəst güləş kimi idman növlərinə daha çox maraq göstərilir

Son beş ildə idmançılarımız tərəfindən müxtəlif beynəlxalq yarışlarda ümumilikdə 2583, o cümlədən 927 qızıl, 709 gümüş və 947 bürünc medal qazanılıb.

Simsar.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 2010-cu ildə beynəlxalq turnirlərdə 206-sı olimpiya idman növləri üzrə olmaqla 675 medal əldə edilib və onların 85-i qadınlara məxsusdur. Medalların 182-si dünya çempionatlarında, 97-si Avropa çempionatlarında, 83-ü dünya kuboku yarışlarında qazanılıb. Gənc idmançılarımız Yeniyetmələrin Birinci Yay Olimpiya Oyunlarında böyük uğurla çıxış edib və 204 ölkə arasında 11-ci yeri tutublar.
2011-ci ilin birinci yarısında idmançılarımız mühüm nailiyyətlər əldə edib və beynəlxalq yarışlarda 68-i Olimpiya idman növləri üzrə olmaqla 103 medal qazanıb, onların 24-ü qızıl, 30-u gümüş, 49-u bürüncdür.

İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 2010-cu ildə ölkədə dörd Olimpiya İdman Kompleksi, Horadiz şəhərində müasir İdman Mərkəzi istifadəyə verilib, Mingəçevirdə Beynəlxalq Avarçəkmə Mərkəzi yenidən bərpa edilib. Cari ilin iyun ayında tikintisinə ötən il start verilən və 5500 kvadratmetr ərazini əhatə edən Bakı Tennis Akademiyasının Mərkəzi Kortu istifadəyə verilib. Bundan əlavə, mövcud idman qurğuları, stadionlar və digər idman meydançaları təmir edilib və günün tələblərinə uyğun olaraq yenidən qurulub. 2011-ci ilin əvvəlinə ölkədə idman qurğularının sayı 9,5 minə çatıb, bədən tərbiyəsi və idmanla məşğul olanların sayı 1649,8 min nəfər təşkil edib.

Əhali arasında futbol, voleybol, şahmat, yüngül atletika, basketbol, dama, tennis, boks və sərbəst güləş kimi idman növlərinə daha çox maraq göstərilir.

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!