5 İyul, 2011
ŞAMAXIDAKI EŞŞƏK HEYKƏLİNİ DAĞITDILAR

Heykəli uçuran “KamAZ” şoferi polis tərəfindən saxlanıldı

Şamaxı rayonunun girəcəyində qoyulmuş eşşək heykəli dünən günorta dağıdılıb. Bu barədə musavat.com-a “Yeni Müsavat”ın rayon ərazisindən keçən əməkdaşı məlumat verib. Həmin məlumatdan:

-Əməkdaşımız isti hava şəraitinə baxmayaraq söküntü işlərinə cəlb edilmiş texnika və fəhlələri araba çəkən eşşək heykəlinin ətrafında görərək hesab edib ki, onlar abidəni demontaj edirlər. Ancaq məlum olub ki, bunlar haya gələn adamlardır. Heç demə, ondan bir az əvvəl “KamAZ” markalı yük maşınının naməlum sürücüsü ağır tonnajlı maşını abidəyə çırparaq onu dağıdıb və sürüb aradan çıxaraq gizlənib. Hazırda Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tam şəxsi heyətlə səfərbər olunaraq naməlum sürücünü axtarırlar ki, onu məsuliyyətə cəlb eləsinlər.
Rayondan verilən məlumata görə, abidəyə sui-qəsd yerli iş adamlarından birinin sifarişi ilə həyata keçirilib. Xatırladaq ki, adıçəkilən məkanda bir neçə gün idi həmin abidə quraşdırılmışdı. Abidənin Şamaxının icra başçısı Asif Məmmədovun təşəbbüsü ilə qoyulduğu bildirilirdi.
Şamaxı rayon ictimaiyyəti isə eşşək heykəlinə etiraz edir, qəzetlər bu barədə yazırdılar. Əslində isə bu, eşşəyə qoyulmuş heykəl deyil, daha çox arabaçıya, eşşək arabası ilə ot daşıyan kəndliyə qoyulmuş heykəl idi.
“KamAZ”ın sürücüsü Vüqar Niftəliyev dünən saxlanılıb. Şamaxıdakı mənbələrdən aldığımız bilgiyə görə, rayon polis idarəsində saxlanılan Niftəliyevə işgəncə verilir. Yerli sakinlər sürücünün həbsindən hiddətlənib və onun sərbəst buraxılmayacağı halda etiraza qalxa bilər.
V.Niftəliyev polisə günahkar olmadığını bildirib. Bu barədə redaksiyamıza yerli mənbələrdən məlumat verilib. V.Niftəliyev polisə deyib ki, sırf təsadüf nəticəsində, qəzadan yayınmaq istəyərkən maşınını eşşək heykəlinə çırpıb. Sürücü deyib ki, baş verən sırf yol qəzasıdır, maşını eşşək heykəlinə çırpmaqda heç bir xüsusi məqsədi olmayıb.
DİN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Ehsan Zahidov “Azadlıq” radiosuna deyib ki, iyulun 4-də Şamaxı polisinə eşşək abidəsinin bir “KamAZ” tərəfindən dağıdıldığı haqda məlumat daxil olub. Polis araşdırma aparıb və sürücünün şəxsiyyətini müəyyənləşdirib. E.Zahidov deyib ki, sürücünü polisə gətirən zaman o, müqavimət göstərib, şöbədə isə pəncərə şüşələrini qırıb: “Buna görə də iş rayon prokurorluğuna verilib. Sürücüdən isə izahat alınıb və o sərbəst buraxılıb”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!