4 İyul, 2011
Sərdar Cəlaloğludan İctimai Palatanın əleyhinə növbəti açıqlama

“...Bu da orada xaosun yaranmasına səbəb olub" 

Bunu APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. S.Cəlaloğlu deyib ki, əgər bir ideya və ya qurum inkişaf etməyə başlamırsa, onda quruculuq əvəzinə, dağıdıcılıq prosesinə məruz qalır. İndiki halda İctimai Palatada (İP) bu cür münaqişələrin meydana çıxması onu göstərir ki, artıq qurum özünün inkişafının pik nöqtəsinə çatıb: “İndi İctimai Palatada özünün tənəzzül dövrünə qədəm qoyub. Burada 2 partiya arasında üstünlük uğrunda aparılan mübarizədə maraqlar toqquşur. Ona görə də zaman-zaman Müsavat Partiyası ilə AXCP üzvləri bir-birinə qarşı ittihamlar söyləyirlər”. 


ADP sədrinin fikrincə, İP-də yaranan problemlərin əsas səbəblərdən biri də bu günə qədər qurumun fəaliyyətini tənzimləyəcək sənədlərin hazırlanmamasıdır: “Bu da orada xaosun yaranmasına səbəb olub. İctimai Palatanın Koordinasiya Şurasının keçmiş üzvü Pənah Hüseynin müsahibəsini oxudum, onunla razıyam. Müşahidə zamanı da AXCP və Müsavat Partiyasının İctimai Palatanı monopoliyaya aldığının şahidi olursan. Orada digərlərinə qarşı qısqanc münasibət var. Koordinasiya Şurasının üzvlərinin siyahısına baxdıqda da bunu görmək olur”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!