2 İyul, 2011
IX SİNİF ŞAGİRDLƏRİNƏ ŞƏHADƏTNAMƏLƏRİ VERİLİR

Bakıda IX sinif şagirdlərinə şəhadətnamələrin verilməsinə başlanılıb

Bakı şəhərinin IX sinif şagirdlərinə şəhadətnamələrin verilməsinə başlanılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib ki, şəhadətnamələr dövlət sənədi olduğu üçün şagirdlərə ödənişsiz verilir. Bu sənədin alınması üçün valideyn və şagirdlərdən heç bir halda pul tələb edilə bilməz.

Zəminə Əliqızı idarənin bu prosesə çox ciddi nəzarət etdiyini də söyləyib. Şəhadətnamələrin paylanılması prosesi gələn həftənin ilk günlərində yekunlaşacaq.

Sektor müdirinin sözlərinə görə, artıq bu ilin məzunlarına attestatların verilməsi prosesi də yekunlaşıb. Bu il paytaxtın 23 minə yaxın 11-ci sinif məzunundan 1500-ə yaxını attestat ala bilməyib.

Paytaxtın 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları iyunun 17-də, 9-cu sinif şagirdləri üçün iyunun 18-də keçirilib.

Şagirdin attestata yazılacaq yekun qiyməti onun fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanıb.

Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında müəyyənləşib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!