30 İyun, 2011
HƏRBİÇİLƏR NAMAZ QILMALARINA GÖRƏ TƏQİB EDİLİR?

Müdafiə Nazirliyi təkzib edir

Qeyri-rəsmi mənbələrdən “MilAz” İnformasiya Agentliyinə daxil olan məlumatlara görə, hərbi hissələrdə əsgər və zabitlərə dini ibadətlərini yerinə yetirməyə maneçilik törədilir. Mənbənin məlumatına görə namaz qılan əsgər və zabitlər rəhbərlik tərəfindən incidilir, onlar xüsusi nəzarətə götürülür, onlara əlavə tapşırıqlar (naryadlar) verilir, zabitlər hətta tutduqları vəzifələrdən aşağı vəzifələrə keçirilir, cəza məqsədilə xidmətlərini davam etdirmək üçün döyüş bölgəsində yerləşən hərbi hissələrə göndərilirlər. 

Simsar.az-ın məlumatına görə isə hətta bəzi hərbi hissələrdə dindar əsgərlərin canamazı, dini kitabları və digər dini əşyaları əllərindən alınır. Bəzi hərbi hissələrin rəhbərləri bildirirlər ki, hərbi nizamnamədə hərbçilərin dini ibadətlə məşğul olmaları ilə bağlı heç bir maddə yoxdur.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev “MilAz” saytına bildirib ki, belə bir halın olması mümkün deyil: “Belə bir şey yoxdur. Hər kəsin vicdan azadlığı var və qanun çərçivəsində də bu hüquqlar qorunur”.

Məsələ ilə bağlı araşdırmalar davam edir.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!