28 İyun, 2011
Bu il Bakıda bütün məktəblilər vahid formada olacaq

Zəminə Əliqızı: “Valideynlərin nəzərinə çatdırırıq ki, məktəbli formalarını sentyabrın 15-dək əldə etsinlər”

2011-2012-ci tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün təhsil müəssisələri vahid məktəbli geyiminə keçəcək.

Bu barədə «APA»ya Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızı məlumat verib. O deyir ki, növbəti tədris ilində iki geyim forması tətbiq olunacaq:

«Qərara müvafiq olaraq I-VI sinif şagirdlərinin bir, VII-XI sinif şagirdlərinin isə başqa vahid geyimi olacaq. Yeni tədris ilindən, yəni sentyabrın 15-dən şagirdlər müəyyənləşdirilmiş geyimlə məktəblərə gedəcəklər».

Z. Əliqızı geyimlərin vaxtında alınması ilə bağlı valideynlərə müraciət edib:

«Valideynlərin nəzərinə çatdırırıq ki, məktəbli formalarını sentyabrın 15-dək əldə etsinlər. Çünki təhsil ili öncəsi satış mərkəzlərinə kütləvi axın olur və bəzi narahatlıqlar yaranır».

Z. Əliqızı bildirib ki, məktəbli formaları artıq satışa çıxarılıb. Bakı Tikiş Evinin paytaxtın bütün rayonlarında satış mərkəzləri var. Sektor müdiri deyir ki, valideynlər bu mərkəzlərin ünvanları haqqında övladlarının təhsil aldıqları məktəblərdən daha dəqiq məlumat ala bilərlər.

2007-2008-ci tədris ilindən başlayaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində məktəbli forması tətbiq olunur. İlkin mərhələdə hər bir məktəblinin öz geyimi olub. Lakin 2010-cu ildə I-IV sinif şagirdləri vahid məktəbli geyiminə keçib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!