Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 17-20 dərəcə isti, gündüz 25-30 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, iyunun 24-dən 25-ə keçən gecə bəzi yerlərdə leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-20 dərəcə isti, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti təşkil edəcək.