25 İyun, 2011
İlham Əliyev Kazanın sənaye obyektlərini gəzib

Dövlət başçısı Tatarıstan prezidenti ilə birgə bir sıra sənaye və idman obyektlərinə baxıb

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Kazan şəhərində sənaye obyektlərini gəzib. "Azadlıq" radiosunun məlumatına görə, dövlət başçısı Tatarıstan prezidenti Rustam Minnixanov ilə birgə bir sıra sənaye və idman obyektlərinə baxıb. 

Prezident İlham Əliyevin rəhbərlik elədiyi nümayəndə heyəti Kazan vertolyot zavodu, Universiada Şəhərçiyi və İT (İnformasiya Texnologiyaları) parkını gəzib. Kazan Vertolyot zavodunda İlham Əliyev ən son model vertolyotlarla tanış olub, həmçinin qaz yanacağıyla çalışan “KAMAZ” markalı yük maşınları və avtobuslar da nümayiş etdirilib.

Daha sonra İlham ƏliyevUniversiada Şəhərciyində Tatarıstanın 2013-cü ildə keçiriləcək Universitet oyunları və 2018-ci ilin Futbol üzrə Dünya Çempionatına hazırlıqla maraqlanıb. “İT-park”da İlham Əliyevə Tatarıstan Respublikasının vahid sənəd dövriyyəsi sisteminin nümayişi təşkil edilib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasına işgüzar səfərə gedib. İlham Əliyevi Kazanın Beynəlxalq aeroportunda Tatarıstan Respublikasının prezidenti Rustam Minnixanov və digər rəsmi şəxslər qarşılayıblar. Milli geyimli qızlar prezident İlham Əliyevə duz-çörək təqdim edibər.

Ermənistan prezidenti Serj Sarkisyan isə bu gün Kazana yola düşüb. Onun yerli vaxtla saat 14.30-da Kazanda olacağı bildirilir. Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin iştirakı ilə Kreml sarayında görüşü yerli vaxtla saat 16-da başlamalıdır.

Saat 20.00-da (Bakı vaxtıyla 21.00) Azərbaycan, Ermənistan və Rusiya prezidentləri ippodromda at yarışlarını izləyəcək. Prezidentlərin yarışdan öncə və sonra da açıqlamalar verəcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!