24 İyun, 2011
Elçibəyin məzarı ziyarət edildi

Bu gün milli-azadlıq hərəkatının lideri, Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin doğum günüdür.

Simsar.az-ın xəbərinə görə, bu münasibətlə iyunun 24-də Azərbaycan müxalifətinin aparıcı partiyalarının nümayəndələri, milli-azadlıq hərəkatının fəalları və xeyli sayda elçibəysevər onun Fəxri Xiyabandakı məzarını ziyarət edib, məzara əklillər qoyublar.

Anım mərasimində Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və iki partiyanın funksionerləri ilə yanaşı ziyalılar da iştirak ediblər.

Əbülfəz Elçibəy 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. Elçibəy hələ ötən əsrin 70-ci illərindən azadlıq ideyalarını təbliğ edib, elə buna görə də sovet təhlükəsizlik qüvvələrinin təqiblərinə məruz qalıb, həbs edilib.

80-ci illərin sonundan başlanan azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsinin ilk sədri olub.

O, 1992-ci il iyunun 7-də Azərbaycan prezidenti seçilib, 1993-cü ilin iyununda hakimiyyətdən gedib.

Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də uzun sürən ağır xəstəlikdən sonra Türkiyədə vəfat edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!