Bu gün Nəcəf Nəcəfovun 56 yaşı tamam olur
Bu gün çağdaş Azərbaycan mətbuatının banilərindən biri, tanınmış jurnalist Nəcəf Nəcəfovun doğum günüdür. Yaşasaydı, onun 56 yaşı tamam olacaqdı.
Nəcəf Adil oğlu Nəcəfov 1955-ci il iyunun 24-də Bakıda fəhlə ailəsində anadan olub. Xalq Təsərrüfatı İnstitutunu bitirib. 80-ci ilin əvvəllərindən “İnşaatçı” qəzetində jurnalist fəaliyyətinə başlayıb. Sonra 1986-cı ilə kimi “Vışka” qəzetində şöbə müdiri işləyib. Həmin il “Molodyoj Azerbaydjana” qəzetinə redaktor təyin edilib. Onun rəhbərliyi dövründə “Molodyoj Azerbaydjana"” ölkənin ən populyar və sevimli qəzeti olub. 1986-1989-cu illərdə “Molodyoj Azerbaydjana"” faktiki olaraq ölkənin mərkəzi qəzetinə çevrilib. 1988-ci ildə Qarabağ hadisələri başlayarkən bu qəzetin ölkə həyatında rolu, təsiri və populyarlığı daha da artıb və qəzet erməni separatçılarının Azərbaycana elan etdiyi ideoloji müharibəyə qarşı tribunaya çevrilib.
N.Nəcəfovun və qələmdaşlarının prinsipial mövqeyi respublikanın kommunist rəhbərliyini razı salmayıb və 1988-ci ildə o, vəzifəsindən azad edilib. Həmin vaxtdan başlayaraq N.Nəcəfov faktiki olaraq siyasi fəaliyyətlə məşğul başlayıb və Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupuna daxil olub. 1989-cu ildə ölkənin ilk müstəqil qəzeti olan “Azadlığ”ı yaradıb.
Respublikanın suverenliyinə və ərazi bütövlüyünə təhlükənin artdığı bir vaxtda o, AXC liderlərindən biri kimi siyasətlə daha fəal məşğul olmağa başlayıb. 1990-cı ilin qanlı 20 Yanvar hadisələrində N.Nəcəfov Biləcəri yoxuşunda Sovet Ordusunun qarşısını kəsən əliyalın adamların ön cərgəsində olub. Sonralar N.Nəcəfov ölkənin dövlət müstəqilliyinin bərpası və Azərbaycanda demokratik dövlətin yaradılması uğrunda fəal mübarizəni davam etdirib. 1990-cı ilin yazında N.Nəcəfov bir qrup müstəqil jurnalistlə birlikdə “Turan” İnformasiya Agentliyini təsis edib. 1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı olub. 1992-1993-cü illərdə N.Nəcəfov Azərbaycan prezidentinin mətbuat katibi, Dövlət Neft Şirkətinin və Müstəqil Sahibkarlığa Yardım Fondunun vitse-prezidenti vəzifələrində çalışıb. N.Nəcəfov 1999-cu il dekabrın 17-də uzun sürən ağır xəstəlikdən sonra 44 yaşında vəfat edib. Bakı şəhərində II Fəxri Xiyabanda dəfn olunub.
Ruslan