23 İyun, 2011
Daşınmaz əmlakın bahalaşmasında durğunluq

Bu ilin I rübündə dünyada daşınmaz əmlak 1,8% bahalaşıb

Bu, 2009-cu ildən indiyədək ən aşağı göstəricidir.

Analitiklərin fikrincə, bu vəziyyət əksər ölkələrin daşınmaz əmlak bazarında problemlərin yaranacağından xəbər verir. Araşdırmanın aparıldığı 50 ölkədən 25-də daşınmaz əmlak ucuzlaşıb.

Hazırda dünyada daşınmaz əmlak bazarının inkişafı baxımından ən aktiv region Asiyadır. Bu ilin I rübündə Asiya bölgəsində qiymətlər illik göstəricidə 8,4% artıb. Amma burda da qiymət artımının sürəti ötən ilə nisbətən aşağı düşüb. Ötən ilin I yarısında Asiyada qiymətlər 17,8% artıb.

Hesabat dövründə daşınmaz əmlak ən çox Honqkonq (24,2%), Hindistan (21,9%) və Tayvanda (14,3%) bahalaşıb. Sonrakı yerləri İsrail, Sinqapur və Fransa tutur. Türkiyədə qiymətlər 3,5% artıb.

Daşınmaz əmlak bazarında ən pis vəziyyət Şimali Amerikadadır - bu ilin ilk 3 ayında burda qiymətlər orta hesabla 0,4% aşağı düşüb. Avropanın daşınmaz əmlak bazarları nisbətən sabitdir. Müqayisə üçün bildirək ki, ötən ilin I rübündə Avropada qiymətlər 4,1% aşağı düşüb.

Ən çox ucuzlaşma isə Rusiya (13,9%), İrlandiya (11,9%), Dubay (8,2%), Ukrayna (7,5%) və Yunanıstanda (5,7%) baş verib.

Araşdırma aparan şirkətin mütəxəssisləri bildirir ki, 2011-ci ilin ilk rübündə dünyada əmlakın bahalaşması prosesi dayanmasa da, əhəmiyyətli dərəcədə zəifləyib. Bu isə həmin sahədə gözlənilən problemlərdən xəbər verir. Belə ki, bir rüb əvvəl - 2010-cu ilin son 3 ayında dünyada əmlak 3,3% bahalaşıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!