18 İyun, 2011
Şeyxi Ermənistanda gözləyirlər

Rusiya pravoslav kilsəsi: “Bu, şeyxin Ermənistana tarixi səfəri olacaq”

Rus pravoslav klisəsi noyabrın 28-də İrəvanda MDB ölkələri Dinlərarası Şurasının iclasını keçirməyə hazırlaşır. Kilsə yenidən Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin İrəvana səfər edəcəyi ilə bağlı məlumatları yenidən gündəmə gətirib. “Bu, şeyxin Ermənistana tarixi səfəri olacaq. Necə ki, Qaregin Bakıya səfər etmişdi”, - Rusiya pravoslav kilsəsinin dinlər coğrafiyası Mərkəzinin direktoru Roman Silantyev deyib. “İnterfaks”ın məlumatına görə, kilsə nümayəndəsi deyib ki, erməni katalikosu II Qareginin ötən ilin aprelində Bakıya səfəri və Allhşükür Paşazadənin İrəvana gözlənilən səfəri tarixi hadisələrdir.

“Ümid edirəm ki, hər şey normal getsə, münaqişələrin nizamlanmasının yeni mərhələsi başlayacaq. Dini diplomatiyanın rolu ildən-ilə artır. Özü də təkcə postsovet məkanında yox, bütün dünyada dini liderlərin səsi daha güclü eşidilməyə başlayıb”, - Roman Silantiyev bildirib.

Qeyd edək ki, Bütün Qafqazın şeyxinin İrəvana səfər edəcəyi barədə məlumatları bu ilin aprelində Eçmiədzin kilsəsi də yaymışdı. Hələ o vaxt Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu xəbərləri təsdiqləməmişdi. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirmişdi ki, Şeyxülislamın şuranın iclasında iştirakı ehtimal üzərində qurulub: “bu informasiyanı Eçmiədzin kilsəsinin mətbuat dəftərxanası yayıb. Bu iclas istənilən MDB ölkələrinin paytaxtında keçirilə bilər. Belə iclaslar hər zaman olur. Şeyxin Ermənistanda keçiriləcək tədbirə qatılıb-qatılmayacağı hələ ki sual altındadır. Bu məsələnin bu formada gündəmə gəlməsi doğru deyil. Hər şey MDB qurumunun iradəsindən asılıdır. Biz tərəfdən bu iclasda iştirakla bağlı heç bir vəd verilməyib”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!