27 İyul, 2022
"Kuruluş Osman"ın istehsalçısı Vətən müharibəsindən serial çəkir

Azərbaycan və Türkiyə Vətən müharibəsi ilə bağlı birgə serial çəkir.

Bunu Report-a açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

O bildirib ki, Vətən müharibəsi ilə bağlı serialın çəkilişləri Türkiyənin məşhur "Bozdağ film" studiyası ilə birgə həyata keçirilir: "Serialın ilkin olaraq səkkiz bölümdən ibarət olması nəzərdə tutulub. İşlər tamamlanmaq üzrədir. Hadisələri qabaqlamaq istəmirəm, amma onu deyim ki, birinci seriyanın bu il təqdimatı gözlənilir".

E.Əliyev qeyd edib ki, artıq ekran əsərinin işçi adı da məlumdur: "Amma serialın adını açıqlamaq hələ tezdir. Çünki dəqiq deyil. Serial Türkiyə və Azərbaycanın birgə əməkdaşlığının nəticəsidir. Ekran əsərində türkiyəli və azərbaycanlı aktyorlar rol alacaq. Çalışacağıq ki, bu əməkdaşlığımızın simvolu olsun".

Mətbuat orqanı serialın ilk bölümü bu il noyabrın 8-də - Zəfər Günündə yayımlanacağını bildirib.

Qeyd edək ki, "Bozadağ film" studiyası Türkiyənin "Kuruluş Osman", "Destan", "Mehmetçik" və s. bir sıra məşhur seriallarının istehsalçısıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!