12 Aprel, 2022
“Sahil-S İnşaat” MTK-nın rəhbərləri həbs edilib

Azərbaycanda şirkət rəhbərləri həbs edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan çoxsaylı müraciətlər əsasında aparılan araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı aparılır.

 

Aparılan istintaq-əməliyyat tədbirləri ilə “Sahil-S İnşaat” MTK-nın sədri vəzifəsində işləmiş Alaverdiyev Taley Şamil oğlunun “GG Company” MMC-nin direktoru Kərimov Pənah Sudeib oğlu ilə qabaqcadan əlbir olaraq rəhbərlik etdiyi MTK tərəfindən inşa olunan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində yerləşən yüksək mərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət edən vətəndaşlara mənzillərin qanuni sahibləri olduğu halda saxta müqavilə və maliyyə arayışları tərtib edib vəzifə saxtakarlığına yol verərək çoxsaylı şəxslərin külli miqdarda pul vəsaitlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Taley Alaverdiyev və Pənah Kərimova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

"Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara 961 nömrəli “Çağrı Mərkəzi” və “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir", - məlumatda qeyd olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!