14 Mart, 2022
Texniki Universitetdə NƏLƏR BAŞ VERİR? - İLGİNC FAKTLAR

Azərbaycan Texniki Universitetinin bir qrup müəllimi yenə də sözügedən ali təhsil ocağında yaşanılan neqativ olaylar haqqında həyəcan təbili çalmaqdadırlar. Xatırladaq ki, AzTU ilə bağlı buna qədər də ilginc faktları təqdim etmişdik, amma görünəni odur ki, hələ də aidiyyatı qurumlar susmağa üstünlük verirlər. Biz isə DİA.AZ-a göndərilən növbəti müraciəti təqdim edirik:

Əvvəli burada: Texniki Universitetin rektoru haqda YENİ İDDİALAR... - RƏSMİLƏR NƏDƏN SUSUR?

"Tədrisin pozulmasının gözə görünən əlamətlərindən biri kimi isə, əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, onu göstərmək olar ki, universitetdə auditoriyalar boşaldılır, otaqlar işə yeni qəbul edilənlərin iş otaqlarına, kabinetlərinə, yeməkxanalara, bufetlərə, ofislərə çevrilir, partalar isə auditoriyalardan zirzəmilərə daşınır. Bunu “partaların daşınması epopeyası” adlandırmışdıq. Bu epopeya da davam etməkdədir. Sanki, universitet tədris müəssisəsi kimi ləğv edilir, nə isə başqa bir şeyə çevrilir. Elə əslində belə də edilir.

Universitetdə tədris prosesinin nisbətən qısa müddətdə, cəmi iki il yarımda bu vəziyyətə salınması sanki zəif tələbənin xəyallarının həqiqətə çevrilməsinə bənzəyir. Yəni oxumaq istəməyən, zəif tələbədən soruşsaydılar ki, təhsilin necə olmasını istəyirsən, yəqin ki, o, cavab verərdi ki, biz oxumayaq, yazmayaq, kurs işi və s. verməyək, dərsə hazırlaşmayaq, bizdən heç nə soruşmasınlar, imtahanda ağzımıza gələni danışaq və ya heç nə danışmayaq və bizə müvəffəq qiymət versinlər, müəllimləri isə bizim yerimizə oxutsunlar, hər şeyi onlardan tələb etsinlər və hərdən bir də cəzalandırsınlar. İndi AzTU-da vəziyyət demək olar ki, bu vəziyyətdədir.

Gülməlidir? Bəli, gülməlidir, həm də ağlamalıdır. Yəni tragikomediyadır. Baxın, Vilayət Vəliyev Texniki Universitetdə rektor olduğu müddətdə universiteti bu cür tragikomik, ağlar günə gətirib çıxarıb. Hələ dalını da bu istiqamətdə davam etdirməkdədir. Səbəbi isə odur ki, o, doğrudan da zəif tələbə olub və indi gəlib, rektor vəzifəsinə qoyulub. V.Vəliyev ali təhsilini BDU-da alıb, riyaziyyat ixtisası üzrə. Onunla bir qrupda oxuyan, tələbəlik vaxtında onu yaxşı tanıyan bir neçə tələbə yoldaşından müxtəlif kanallarla onun haqqında bizə məlumat gəlib çatır. Deyirlər ki, ümumiyyətlə o, zəif, necə deyərlər boz tələbə olub, başqalarından heç bir yaxşı əlaməti ilə seçilməyib. Universitetə isə texniki peşə məktəbindən gəlib, daxil olub. Adama yovuşmaz, qaradinməz, kinli, paxıl adam olub, heç kimlə dostluq edə bilməyib, dostluğu uzunsürən olmayıb, bəlkə, psixoloji problemləri də olub. O, göründüyü kimi, indi də bu əlamətlərə malikdir. Əsəblə bağlı problemləri də görünür.

Yəqin ki, V.Vəliyev universiteti bitirəndən sonra görüb ki, riyaziyyat ixtisasında pul çıxmır,

ikinci ali təhsil kimi yenə BDU-da hüquq fakültəsini bitirib. Ancaq, onun hüquqşünas kimi də heç bir səviyyəsi görünmür. Sonra, yəqin bundan da bir şey çıxmayıb, üz tutub iqtisadiyyata, gedib iqtisadçı olub. İnsan bir sahənin mütəxəssisi olmaq üçün ilk növbədə həmin sahədə ali təhsil almalıdır. O isə iqtisadiyyat ixtisası üzrə ali təhsil almayıbsa, dissertasiya müdafiə etməsinə baxmayaraq, necə iqtisadçı ola bilər? O, iqtisadiyyatdan hər hansı bir mövzuda mühazirə oxuya bilərmi, çətin ki. Təkcə dissertasiya müdafiə etməklə deyil, onun bacarığı və qabiliyyəti göz qabağındadır.

V.Vəliyevin qabiliyyəti ancaq bir istiqamətə yönəlib – özünü reklam etmək, şou düzəltmək, özünün haqqında, müasir dillə desək, piar yaratmaq, özünü işləyən, fəal kimi göstərmək və bu yolla vəzifədə qalmaq. Ətrafına da bu tələblərə cavab verən adamları, yəni şou və piar yarada bilənləri toplayıb ki, bu işdə ona kömək etsinlər. Onlar da doğrudan da bu istiqamətdə onun üçün çox işlər görürlər. Məsələn, keçən yazılarımızın birində yazmışdıq ki, bu ilin yanvar ayının 8-də AzTU saytında maraqlı bir məlumat çıxdı. Məlumatda deyilirdi ki, rektor Vilayət Vəliyevə “İlin ən fəal rektoru” mükafatı təqdim edilib. Aydındır ki, o dəqiqə sual yaranır ki, onu bu mükafata layiq görən hansı dövlət qurumu və ya ictimai təşkilatdır? AzTU saytında verilən kiçik məlumatdan aydın oldu ki, V.Vəliyevi bu mükafata bir informasiya portalı (yəni sadəcə desək, informasiya saytı) 2021-ci ilin yekunları ilə bağlı keçirilən virtual sorğunun qaliblərindən olduğu üçün layiq görüb. Bundan sonra məlumatda deyilirdi ki, portalda keçirilən virtual sorğuda iştirak edən respondentlər 2021-ci il ərzində rəhbərlik etdiyi universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsində, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsində, TƏLƏBƏ HÜQUQLARININ qorunması və onların ideyalarının dəstəklənməsində mühüm xidmətlər göstərən ÜÇ ALİ TƏHSİL MÜƏSSİSƏSİ REKTORUNU “İlin ən fəal rektoru” seçiblər. Məntiqi olaraq, belə bir sual yaranı ki, görəsən mükafata layıq görülən digər iki rektor kimdir? Təbiidir ki, biz bunu öyrənmək və bu haqda daha ətraflı məlumat almaq məqsədi ilə həmin portalın saytına daxil olaraq, həmin məlumatı orada tapdıq. Belə düşünmək olardı ki, Texniki Universitet həmin məlumatın öz rektoruna aid olan hissəsini dərc edib və portalın saytında isə müsabiqə qalibi olan digər iki rektorun da adları göstəriləcək. Ancaq təəccüblə aşkar etdik ki, portalın saytında da birin-birə AzTU saytında olan məlumat verilib, guya ki, qalib olan digər iki rektorun isə kim olduğu göstərilmir. Həmin məlumat da sabahı gün dərhal saytın giriş səhifəsindən götürüldü. Bu faktlar hər bir normal adamı bu məsələ haqqında müəyyən qənaətə gəlməyə istiqamətləndirir".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!