16 Fevral, 2022
Azərbaycanı “Avroviziya”da o təmsil edəcək

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, bu il ölkəmizi İtaliyanın Turin şəhərində “Səs Azərbaycan” müsabiqəsinin qalibi Nadir Rüstəmli təmsil edəcək.

Nadir Rüstəmli 1999-cu ildə Salyan şəhərində doğulub və uşaq yaşlarından musiqi ilə məşğul olub. O, 2019-cu ildə “Youthvision” beynəlxalq tələbə mahnı müsabiqəsində ölkəmizi təmsil edib və 21 ölkə arasında Azərbaycana 2-ci yeri qazandırıb.

Ölkəmizin “Avroviziya-2022”də təmsil olunması üçün mahnı seçimi üzrə qəbul mərhələsi bu müsabiqənin rəsmi yayım hüququna sahib olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən başa çatdırılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov bildirib ki, seçim üçün 300-dən çox mahnı təqdim edilib.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı “The sound of beauty” (“Gözəlliyin səsi”) olan “Avroviziya-2022” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də “PalaOlimpico”da baş tutacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!