25 Yanvar, 2022
Şəhid Əlihüseyn Məmmədova həsr olunan "Mən Əliyəm" adlı kitabın təqdimatı keçirilib

Bu gün Beynəlxalq Muğam Mərkəzində Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədova həsr edilmiş "Dönməsəm, xatirəm qalsın" adlı tədbir keçirilib. Tədbirdə şəhidin həyat və döyüş yolunu özündə əks etdirən "Mən Əliyəm" adlı kitab geniş ictimaiyyətə təqdim olunub.

Tədbirdə öncə vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb, ardınca isə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Nazir mədəniyyət xadimlərinə dəstəklə bağlı mexanizmin yaradılmasını istəyir. Tədbiri giriş sözü ilə açan aparıcı Nuranə Gülər "Kimdir Əlihüseyn" videoçarxını tədbir iştirakçılarına təqdim edib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva şəhidin sağlığında həyata keçirtmək istədiyi arzularından danışıb: "Əlihüseynin arzusu "Əli Burger" fəstfud şəbəkəsi yaratmaq idi və biz şəhidin anası Arzu Məmmədova ilə birgə tezliklə onun bu arzusunu reallaşdırmağa çalışacağıq!"

 

Daha sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Fuad Musayev isə 44 günlük Vətən müharibəsindən və şanlı zəfərimizdən söz açaraq şəhidlərin xatirəsinin daima diqqətdə saxlamağın vacibliyini vurğulayıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı isə çıxışında rəhbəri olduğu ali təhsil müəssisəsinin ümumilikdə 23 şəhid verdiyini qeyd edib və şəhidlərin hər birinin adına auditoriya təsis ediləcəyi haqda məlumat verib.

Millət vəkili Hicran Hüseynova torpaqlarımızın alınmasında gənclərimizə borclu olduğunu bildirib: "Bu gün bu kitabın ərsəyə gəlməsi şəhid balamız Əlihüseyn Məmmədovu tarixin bir səhifəsinə yazdı. Qəhrəmanlıq göstərən gənclərimiz haqqında bu kitablar onlardan sonra gələn gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olacaq."

Şəhid Əlihüseyn Məmmədovun batareya komandiri Özal Quluzadə onun müharibədə göstərdiyi qəhrəmanlığından danışıb: "Əlihüseyn verilən tapşırıqları tez mənimsəyirdi və böyük həvəslə yerinə yetirməyə çalışırdı. Bir dəfə döyüş zamanı mərmi az qalmışdı. Olduğumuz yerə də hərbi maşın gələ bilmirdi. Bir qrup əsgərimə mərmi gətirilməsi üçün tapşırıq verdim. Əlihüseyn də həmişə olduğu kimi özünü qabağa verərək, bu tapşırığı icra etməyi məndən xahiş etdi. O, uzun məsafə qət edərək mərmiləri gətirdi. Çox təssüf ki, indi o bizim aramızda yoxdur. Ona şəhidlik qismət oldu."

Daha sonra tədbirdə Müdafiə Nazirliyinin Şəxsi Heyət baş idarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbənin rəisi Zümrüd Səmədova," Mətanət A" şirkətinin rəhbərliyi şəhid Əlihüseyn Məmmədov haqqında çıxışlar ediblər.

Tədbirin gedişatında "Zəfər marşı" sədaları altında Vətən Müharibəsi qazisi Elnur Ələkbərov Azərbaycan bayrağı ilə səhnəyə daxil olub. Şəhidin anası Arzu Məmmədovanın oğluna həsr etdiyi şeir deməsi, ardınca ana ilə şəhid oğulun dialoq şəklində videoçarxı tamaşaçılara duyğulu anlar yaşadıb.

Tədbirin sonunda şəhid Əlihüseyn Məmmədovun rəssamlar tərəfindən çəkilən rəsm əsərləri nümayiş olunub. Eləcə də şəhidin xatirəsinə həsr olunan "Mən Əliyəm" kitabı gələn qonaqlara təqdim olunub.(musavat)

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!