1 Noyabr, 2021
Ləman: "Sənətimə qazanc mənbəyi kimi baxmıram..."

Ləman 3 ildir ki, ifaçılıq sənətinə başlayıb. Bugünki müsahibimiz Şəmkir rayonunda doğulub, orta məktəbi orda başa vurduqdan sonra, Bakıda tibb sahəsində təhsilini davam etdirib. Ailə qurduqdan sonra Rusiya Federasiyasına köçüb. Musiqiyə olan sevgisi onu bu sənətə gətirib. Musiqi təhsili olmasa da hazırda xalq artisti Samir Cəfərovdan fərdi dərslər alır:

- Ləman xanım, ifaçılıq sənətini seçməyinizdə məqsəd nədir? Çünki, son zamanlar bu sahəyə gəlməkdə məqsəd toylara gedib pul qazanmaq olub...

- Qətiyyən məqsədim bu olmayıb. Ümumiyyətlə pul qazanan şəxs istənilən sahədə qazanacaq. Mən bu sənəti sevirəm. Buna qazanc mənbəyi kimi baxmıram.

- Musiqinin hansı janrı sizə daha yaxındır?

- Mən klassik musiqiləri daha çox sevirəm. Səs diapazonum da bu janra daha uyğundur. Sadəcə zövqlər müxtəlif olduğuna görə hər janrda özümü sınamaq istəyirəm. Repertuarımda da bu musiqi rəngliliyinə yol verirəm. Rusiyada həmyerlilərimizin tədbirlərində iştirak edirəm çox vaxt. Onların zövqlərini əhatə etməlidir repertuarım. Çalışıram repertuar zəngin olsun.

- Bu sahəyə gəlib, görünüb qalmaq şox çətindir. Çünki istedadla yanaşı güclü komanda ilə çalışmaq tələb olunur. Güclü prodüsser, bəstəkar, söz müəllifi, mətbuat katibi və s. Belə bir komandanız varmı?

- Çox doğru deyirsiz. Bu gün standartlara cavb vermək, sevilmək və qəbul olunmaq üçün peşəkar insanlarla çalışmaq lazımdır. Qeyd etdiyiniz komanda təbii ki var. Düşünürəm ki, hansısa addımı atmamışdan əvvəl ilk olaraq ətrafını sağlam və peşəkar insanlar əhatə etməlidir. Bu varsa, iş də uğurlu alınacaq.

- Komandanızda tanıdığımız peşəkarlar varmı. Bu gün hansı bəstəkarlarla işləyirsiz?

- Hələ yeni iş birliklərimlə bağlı açıqlama vermək istəmirəm. Çünki, gözlədiyim məqam var.

- Qeyd etdiniz ki, səs diapazonunuz klassik musiqiyə daha uyğundur. Hazırda həm də Samir Cəfərovdan fərdi dərs alırsınız. Bu gün isə Azərbaycanın köklü musiqisi, bərbad vəziyyətə düşüb. Yad ladlar, ara mahnıları gündəmi zəbt edib. Ən çox izlənən, dinlənən də bu musiqilərdir...

- Anladım nə demək istədiyinizi. Əslində pis musiqi yoxdur. Pis ifaçı var. Qeyd etdiyiniz neqativlər təəssüflər olsun ki, həqiqətdir. Amma sənət həmişə var və olacaq. Qeyd etdiyiniz mahnılar isə mövsüm xarakterlidir. Onların ömrü azdır. Əsl sənət isə tarix keçdikcə yaşayır.

- Hazırda hansı işlərlə məşğulsuz?

- Hazırda Vətənpərvərlik mövzusunda, Zeynəb Xanlarovanın repertuarından "Yaşa Azərbaycan", Şövkət Ələkbərovanın repertuarından "Bir könül sındırmışam" mahnılarını hazırlayıram. Mahnılar üçün roliklərin də çəkilməsi nəzərdə tutulub.

- Korifeylərin repertuarlarına müraciət edirsiz, bəs daha çox kimləri dinləyirsiz?

- Adlarını çəkdiyim sənətkarları, müəllimim Samir Cəfərovu, Lalə Məmmədovanı, Brilliant Dadaşovanı çox dinləyirəm.

- Bu sahədə çətinliklər həddindən çoxdur. Sanki "minalanmış sahəyə" daxil olmusuz. Yerli, yersiz rəqabətlərdən, qara piarlardan, intriqalardan, qalmaqallardan sığortalı deyilsiz. Bunların qarşısında dayanmağa hazırsız?

- Bunlardan sığortalı olmasam da, addımlarımı düşünüb atacağam. Tez özümdən çıxan adam deyiləm. Hər danışılan sözə cavab vermərəm.

- Niyə fəaliyyətinizi Rusiyada aparmadız?

- Mən Rusiyada yaşasam da bu torpağa aidəm. Bura mənim Vətənimdir. Eyni zamanda mənim dinləyicim də buradadır.

- Maraqlıdır, buradakı ifaçılar da can atır ora getməyə...

- Bunun bir səbəbi var, qazanc üçün. Orada toyların qonorarı da buradan çox olur.

- Efirlərimizi izləyirsiz? Sizin sahəni əhatə edən verilişlərin hansına baxırsız?

- Baxdığım verilişlər çoxdur. Birinin adını çəkib digərini unuda bilərəm, yaxşı çıxmaz.

- Oğlunuz var deyəsən? O necə qarşılayır?

- Çox normal. İzləyir məni.

- Azərbaycan toy bazarına düşmək kimi bir məqsədiniz var?

- Belə bir məqsədim yoxdur. Amma getməyəcəm də demirəm. İşimi toylar üzərində qurmağı düşünmürəm. Mən sadəcə sənətlə məşğul olmağı düşünürəm. Hətta ali təhsil almağı düşünürəm.

- Azərbaycandakı sənətçilərlə dostluğunuz varmı? Kimlərlə əlaqələriniz var?

- Özüm ifaçılığa başmazdan əvvəl, Rusiyada təşkilatçı kimi çalışırdım. Buna görə də sənətçilərin çoxu məni tanıyır, normal münasibətlərimiz var.

- Sizə uğurlar arzulayırıq.

- Təşəkkür edirəm. Çox sağ olun, ayırdığınız zamana görə. Düşünürəm ifaçı kimi dinləyici auditoriyamı genişləndirəcəm. İnsanların sevgisinə nail olmağı hədəf götürmüşəm. Hər kəsə öz işində uğurlar!

Səbinə Məmmədova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!