27 İyul, 2021
Şəmkirdə narkotik yetişdirən 65 yaşlı qadın saxlanıldı

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Zəyəm Polis Bölməsinin (PB) əməkdaşları kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Bayramlı kənd sakini, 1956-cı il təvəllüdlü Sevil Əliyevanın özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - kannabis bitkiləri aşkarlanıb.

Əraziyə baxış zamanı oradan 60 ədəd ümumi çəkisi 38 kq 300 qram olan narkotik çətənə aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını cari ilin may ayında satış məqsədi ilə əkdiyini etiraf edib.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!